“Mən milliyə dəvət almaq üçün bu klubu seçmişəm”

26 Yanvar 23:20 Sumqayıt 150
“Mən milliyə dəvət almaq üçün bu klubu seçmişəm”

Sportinfo.az “Sumqayıt”ın “Polisye”dən (Ukrayna) 6 aylıq icarəyə götürdüuü yarımmüdafiəçi Emil Mustafayevin müsahibəsini təqdim edir:

- “Turan Tovuz”la oyunda “Sumqayıt”ın heyətində debüt etdiniz. Təəssüratlarınız necədir?

- “Sumqayıt”da debüt etdiyim üçün çox şadam. Çoxdandır meydana çıxmırdım. Yenidən böyük futbol həyəcanı yaşamaq sevindiricidir. Sadəcə ona təəssüflənirəm ki, ilk matç uğursuz alındı və uduzduq.

- 1:2 hesablı məğlubiyyətə səbəb nə oldu?

- Məncə, minimum meydandan 1 xalla ayrılmalı idik. Bəxtimiz gətirmədi. Rəqibin isə əksinə, bəxti gətirdi. Ümumilikdə komanda olaraq meydanda pis görsənmirdik. Sadəcə bəzi epizodlarda qol vurmaq lazım idi.

- İkinci hissədə “Sumqayıt” üstünlüyü ələ alsa da, məğlubiyyətdən qaçmaq mümkün olmadı...

- Şanslarımız çox oldu. Təəssüf ki, onlardan yararlana bilmədik. Halbuki epizodları dəyərləndirsəydik, ən pis halda heç-heçə olardı.

- Ümumiyyətlə, “Sumqayıt”a gəlişiniz necə alındı?

- Klublar arasında danışıq getdi. Əslində keçid daha əvvəl baş tutmalı idi. Lakin müəyyən səbəblərdən gecikmə oldu. Nəhayət ki, “Sumqayıt”a gəlişim alındı və buna görə çox məmnunam.

- Azərbaycan Premyer Liqasına nə dərəcədə bələdsiniz?

- Bütün komandaları tanıyıram. Rəqiblərin hamısı haqda məlumatım var. “Sumqayıt”ın da potensialına bələdəm. Çempionatın səviyyəsi yaxşıdır. Daha əvvəl bir çox oyunları izləmək imkanım olub.

- Sizcə, “Sumqayıt” cari mövsüm nəyə nail ola bilər?

- “Sumqayıt” avrokuboklarda uğrunda mübarizə apara bilər. Məncə, ilk dördlükdə olmaq mümkündür. Komandanın Avropaya yollanmaq şansı heç də az deyil.

- “Turan Tovuz”a məğlubiyyət fikrinizi dəyişmədi?

- Xeyr. Şans var. Bu, sadəcə ilin ilk oyunu idi. Mövsümün hələ yarısı geridə qalıb.

- “Sumqayıt”a transferiniz milliyə yolunuzu aça bilər?

- “Sumqayıt”ı seçməyimin səbəblərindən biri də budur. Məncə, indi daha çox göz önündə olacağam. Azərbaycan millisində çıxış etmək mənim üçün fəxrdir. Yenidən o formanı geymək istəyirəm. Düşünürəm ki, “Sumqayıt”da özümü yaxşı tərəfdən göstərməklə yenidən yığmaya dəvət ala bilərəm. Qarşımdakı əsas hədəflərdən biri də məhz budur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Yanvar 18:10 Çək və bizə göndər!