Azərbaycan millisinin və “Polessye”nin futbolçusu Emil Mustafayevin karyerasını Premyer Liqada davam etdirəcəyi dəqiqləşib.
24 yaşlı yarımmüdafiəçi hazırda
“Sumqayıt”ın Antalyadakı düşərgəsindədir. Ukrayna klubu onu mövsümün sonunadək “kimyaçılar“a icarəyə verib.
Tərəflər arasında razılaşmaya görə, o, növbəti sezonu da ölkəmizdə keçirə bilər. “Gənclik şəhəri“ təmsilçisi Mustafayevi birdəfəlik transfer etmək hüququna yiyələnib.
“Polessye” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədər qüvvədə olan yığmamızın üzvü üçün həmin vaxt təzminat ödəmək lazım gələcək.
“Sumqayıt“ hələ ötən ilin yayında Emillə ön müqavilə imzalayıb. Lakin o zaman bu keçid baş tutmadı. Səbəb isə Rusiya ilə müharibə üzündən Ukraynanı tərk edə bilməməsi idi.
“Polessye” qış toplanışı üçün Türkiyəyə gəlib. O da bu fürsətdən yararlanaraq, “Sumqayıt”ın düşərgəsinə təşrif buyurub. Belədə 6 ay qabaq imzalanmış kontrakt məhz indi qüvvəyə minib.
SPORTİNFO.AZ

