Hay-hayı gedib, vay-vayı qalıb, nə yapışıb qalıb ondan?

17:40 Sumqayıt 287
Hay-hayı gedib, vay-vayı qalıb, nə yapışıb qalıb ondan?

Saşa İliçin «Sumqayıt»da vəziyyəti yavaş-yavaş düzəlir.

Daha burada onu vaxtından əvvəl geri göndərmək barədə fikirləşən yoxdur.

Bütün söz-söhbətlər artıq dünəndə qalıb. İndi hamı irəliyə baxır, avrokubok xəyalı ilə yaşayır. Necə deyərlər, iştah diş altındadır, gəldisə, niyə də olmasın?!

«Sumqayıt»ın yaxşı heyətlə mövsümə başladığını ilk dəfə demirik. Bunu əvvələr də dönə-dönə vurğulamışıq.

«Sumqayıt»ın tarixi ərzində belə güclü heyəti olmayıb və İliç ona yaradılan şəraitə görə gecə-gündüz rəhbərliyinin canına dua etməlidir. Ancaq bəndəniz bu fikirdəlir ki, o, bu komandaya daha yaxşı futbol oynada bilər.

Düzdür, bəzi mövqelərdə çatışmazlıqlar nəzərə çarpır, xüsusən müdafiə fazasında, amma mənə elə gəlir ki, serbiyalı baş məşqçi çəkingən tərzindən əl çəkməlidir.

Daha sən «İmişli»dən də bu qədər ehtiyat edəcəksənsə, meşədə nə işin var, otur, oturduğun yerdə.

Nikola Ninkoviç dünənki ulduzdur. Serbiyalı hücumçu «Sumqayıt»a heç nə vermir.

Komandaya ağırlıq gətirir. Vaxtilə İtaliya A Seriyasında dörd klubun formasını geyinmiş Ninkoviçdən İliçin gözləntisi nədir, bunu bilmək maraqlı olardı mənə.

Məgər İliç görmür ki, onun ayaqları getmir, sözünə qulaq asmır? Ninkoviç sürətini itirib, beynindəkiləri meydanda icra etməyə çətinlik çəkir, nə yapışıb ondan?

Deyəsən, əsəbləri də qaydasında deyil, topu itirən kimi özündən çıxır, deyinir.

Ninkoviçi göndərib yerinə nisbətən gənc və enerjili birini tapsa, nə o, bunu söz edər, nə də Aleksandr Ramalenqom oyundan sonra rəqibə təpik atar.

Bilər ki, öz üzərində çalışmasa, çəkisini aşağı salmasa, meydanda və ondan kənarda hərəkətlərinə diqqət yetirməsə, ehtiyat skamyada «lövbər salacaq».

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti