Legioner limitinin ləğvindən sonra klubların gənc futbolçulara meydan verməyəcəyi gözlənilən idi.
Bu baxımdan 3 klubumuzu fərqləndirə bilərik.
Söhbət "Qəbələ", "Şamaxı" və "Sumqayıt"dan gedir.
Əbəs deyil ki, daha çox yerlilərə şans verən adıçəkilən komandalardır.
Siyahıdan "Sumqayıt"ı xüsusi qeyd edərdim.
Müqayisədə "Qəbələ"ə və "Şamaxı"nın büdcəsi daha aşağıdır. Hədəfləri liqada qalmaqdır. Belə klublarda gənclərə şans vermək daha rahat olur.
Digər tərəfdən "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov isə getdiyi hər yerdə gənclərə güvənir.
"Sumqayıt"ın maliyyə dayağı daha güclüdür. Yaxşı əcnəbilərə sahibdir, əlavə yenə ala bilər.
Belədə Saşa İliçin bizimkilərin də oynamasına isti baxması təəccübləndirməyə bilməz.
Əldə etdiyimiz məlumata görə, bunda klubun rəhbərliyi da pay sahibidir.
Belə ki, yayda tərəflərin arasında baş tutan danışıqlarda akademiya yetirmələrinə vaxtaşırı şans verilməsi təklifi irəli sürülüb.
Serbiyalı mütəxəssis də klub rəsmilərinin təşəbbüsünə isti yanaşıb.
Bunu arxada qalan 13 turda və ölkə kubokundakı matçda əyani olaraq icra edib.
İndi qalır gənclərin bunu lazımınca dəyərləndirməsi.
XANOĞLAN / SPORTİNFO.AZ

