12-ci turda “Sumqayıt”la “Qarabağ” arasında Mehdi Hüseynzadə adına stadionda baş tutan oyunda tribunalarda boş yer tapmaq mümkün deyildi.
Yerli futbolsevərlər stadionun yolunu tutmaqla cari mövsümün rekord göstəricisinə imza atmağı bacarmışdı (9100 azarkeş).
Buna qədər isə “Neftçi”ylə qarşılaşmanı 3500, “Şamaxı” ilə görüşü 2700 nəfər canlı izləmişdi. Digər matçlardakı göstəricilər – 1000, 1200, 1400 nəfərdən ibarət olub.
Maraqlıdır, “Qarabağ”la oyunda arenanı dolduran fanatlar digər görüşlərdə niyə “böyük şəhərin tək komandasına” lazımınca dəstək vermir?
Olmaya həmin gün onları stadiona “Sumqayıt” yox, “Qarabağ” sevgisi gətirmişdi? Futbolçular bu mənzərəni görəndə hansı hisləri keçirir?
“Kimyaçılar”ın hücumçusu Aleksandr Ramalinqom Sportinfo.az-ın suallarını bu şəkildə cavablandırıb:
“Azarkeşləri nəyəsə məcbur edə bilmərik. Hansı oyuna baxmağı seçmək onların qərarıdır.
Bizim işimiz meydana çıxıb onlar üçün futbol oynamaqdır. Bu, o demək deyil ki, tribunalar hər dəfə dolmalıdır.
Stadiona gələn azarkeşlərimizlə xoşbəxtik. Sayları istər 1000 olsun, istərsə də 500.
Onlar bizi dəstəkləyir, biz də onları sevindirmək üçün əlimizdən gələni edirik”.
13 turdan sonra aktivində 23 xal olan “Sumqayıt” 12 komanda arasında 5-ci pillədə qərarlaşıb. Saşa İliçin çalışdırdığı kollektiv lider “Qarabağ”dan 6 xal geri qalır.
HƏBİB

