«Sumqayıt» Premyer Liqanın II dövrəsinin ikinci turunda da məğlubiyyətlə üzləşə bilərdi.
Doğma şəhərdə «Qarabağ»ın öhdəsindən gələ bilməyən komanda Şamaxı səfərində yenilginin qapısından döndü. Və son dəqiqələrdə. Üç dəqiqə aralıqla iki qol vurub, matçı çevirdilər.
Öncə Marko Yankoviç hesaba tarazlıq gətirdi, ardınca Aleksandr Ramalenqom «Şamaxı»nın «tabut»una ikinci mismarı vurdu.
Ən azından 1 xal qonaqların haqqı idi. Axır 30 dəqiqədə oynadıqları üstün futbol qolun xəbərçisi idi.
Ard-arda qaçırılan epizodlar belə, qola «gəlirəm, hazırlaş» deməkdən çəkindirmirdi «Sumqayıt»ı.
Futbolun işini öncədən bilmək olmur, 3 nəticəyə də açır bir idman növüdür. Burada hər dəqiqənin, hər saniyənin öz hökmü var və istənilən halda hadisələr 180 dərəcə fərqli rakursda cərəyan edə bilər.
Şamaxıdakı qarşılaşma «Sumqayıt»ın real gücünü qiymətləndirmək baxımından növbəti səhifə sayılmalıdır. Bu komanda turnir cədvəlinin aşağılarını görməyəcək.
Ən pis halda, orta sıralarda özünə yer edəcək. Qış fasiləsində 2-3 transfer əməliyyatı həyata keçirsələr, medallar uğrunda yarışmanın içinə də soxula bilərlər. Maraqlı, həmçinin möhkəm iştirakçıdır.
Klubun rəhbərliyi Saşa İliç barədə də tədbir görsə, lap əla! Serbiyalı çox aqressivdir.
Onu sakit baş məşqçi kimi təqdim edənlər, yəqin ki, «Sumqayıt»ın oyunları vaxtı kanalı çevirib mutfilmə baxıblar.
İliç hər epizoda emosional reaksiya verir: istər futbolçusu səhv edəndə, istər komandası qol buraxanda, istərsə hakim hansısa mübahisəli qərar verəndə.
O, 90 dəqiqə ərzində nadir hallarda yerində əyləşir. Əksər hallarda oyuna ayaqüstü tamaşa edir və əslində, tamaşa etməklə qalmır.
Gah dördüncü hakimlə mübahisəyə girişir, gah da meydandakı referiyə əsəbləşib coşur.
Yaxşı ki, indi baş məşqçilərə oyunun gedişində siqaret çəkmək icazəsi verilmir. İliç gün ərzində 2 qutudan artıq siqaretdən istifadə edir və bu zərərli vərdişini heç cür tərgidə bilmir.
Bəzən onun klub bazasında yerləşən kabinetinin önündən keçəndə içəridən gələn siqaret iyindən burun tutulur. İliç məşqlərdə belə, bəzən əsəbiləşərək əlini cibinə atır və oradan bir siqaret dənəsi çıxarır.
Çəkilir meydançanın kənarına və onu dodaqlarının arasında gəzdirə-gəzdirə, əli əsə-əsə futbolçuları kənardan seyrə dalır.
Kənardan tanımayanlara sakit təbiətli biri kimi görünən, ona bələd olanların isə barəsində «yaman həssas biridir» dediyi şəxsdir İliç.
Odur ki, Şamaxıda bərabərlik qoluna o cür sevinməsi, hislərinə hakim ola bilməməsi təəccüblə qarşılanmamalıdır.
Amma Ayxan Abbasovun üzərinə yeriməsi, onun timsalında yerli komandanın məşqçi korpusunu aşağılaması… Bu, həddi aşmaqdır!
AFFA məlum hərəkətinə biganə qalmayacaq, yüz faiz ağır bir cəza/cərimə kəsəcək. Öz növbəsində «Sumqayıt» rəhbərliyi də İliçin davranışına qiymət verməlidir.
Bu, prezident Riad Rəfiyevin şəxsində klubun üst qatında təmsil olunanların borcudur. İlk növbədə «Sumqayıt»ın adını təmizə çıxarmaları üçün.
Çünki İliçə yerini göstərmələri gərəkən insanlar onlardır. Nə olsun ki, baş məşqçidir? Səhv versa, cəza da olmalıdır.
Dünən bu davranışı sərgiləyən əcnəbi sabah daha pis hərəkətlərlə gündəmi qarışdıra bilər.
Qoy, 1 aylıq maaşından məhrum edilsin. Əcnəbidir, onu bura gətirən səbəb puldur. İ
liç görsə ki etdiyi yanlışın qarşılığı budur, dilinə yiyəlik eləyər, bir də kiməsə bozarmaz.
MUSA

