Klub prezidenti iddia qaldırdı, məhkəmə nə qərar verdi?

16:20 Sumqayıt 105
Klub prezidenti iddia qaldırdı, məhkəmə nə qərar verdi?

“Sumqayıt” futbol klubu bəyanat yayıb.

Sportinfo.az xəbər verir ki, bəyanatda klub prezidenti ilə jurnalistlər arasındakı məhkəmə çəkişməsi barədə bunlar qeyd edilib:

“Hörmətli Azərbaycan futbol ictimaiyyəti, əziz azarkeşlər, dəyərli media nümayəndələri!

Klubumuzun prezidenti Riad Rəfiyev ilə jurnalistlər Anar Şabanoğlu və İxtiyar Əsgərov arasında davam edən, bir müddətdir idman ictimaiyyətinin gündəmində olan məhkəmə prosesi ilə bağlı BƏYANATı diqqətinizə çatdırmaq istəyirik.

Məlum olduğu kimi, jurnalistlər Anar Şabanoğlu və İxtiyar Əsgərovla bağlı haqqında uzun müddət davamlı və qərəzli olaraq heç bir əsası olmayan, yalan, iftira, hədə-qorxu tipli yazılar paylaşılması səbəbindən Riad Rəfiyev tərəfindən məhkəməyə müraciət olunmuş, sözügedən şəxslər haqqında təkzib, üzr və təzminatla bağlı mülki iddia qaldırılmışdı.

Nərimanov Rayon Məhkəməsi İDDİANIN QİSMƏN TƏMİN EDİLMƏSİ ilə bağlı aşağıdakı qərarı verib.

1. “Sports.Az” saytının təsisçisi Anar Şabanoğlu və “Matc.az” saytının baş redaktoru İxtiyar Əsgərov tərəfindən Riad Rəfiyev haqqında yayılmış məlumatların “Məhkəmə tərəfindən həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi barədə” təkzib mətni “Sports.Az” və “Matc.az” internet saytlarında, həmçinin cavabdehlər Anar Şabanoğlu və İxtiyar Əsgərova məxsus şəxsi “Facebook” hesablarında yerləşdirilməlidir!

2. Həmin məlumatlar “Sports.Az”, “Matc.az” internet saytlarından, həmçinin Anar Şabanoğlu və İxtiyar Əsgərovun “Facebook” hesablarından silinməlidir!

3. Vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehlər “Sports.az” MMC və Anar Səid Şəban oğlundan 1000 manat, Əsgərov İxtiyar Kamal oğlundan 1000 manat olmaqla, cəmi 2000 (iki min) manat məbləğində pul tutularaq iddiaçı Rəfiyev Riad Razim oğluna ödənilməlidir.

Qeyd edək ki, sözügedən məbləğ Riad Rəfiyevin iddia ərizəsində də qeyd edildiyi kimi, xeyriyyə məqsədi ilə istifadə olunacağından klub prezidenti həmin məbləğin şəxsinə deyil, məhz cavabdeh şəxslər tərəfindən YAŞAT Fonduna ödənilməsini istəyir.

Məhkəmə qərarının təmin edilməsi ilə bağlı prosesin aidiyyəti orqanlar tərəfindən diqqətlə təqib ediləcəyinə inanmaqla bərabər, Mətbuat Şurası və Mediaya Dəstək Dövlət Agentliyi (MEDİA) tərəfindən də nəzarətdə saxlanılacağına ümid edirik.

“Sumqayıt” Futbol Klubu”

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 17:20 II Liqada 4:1 günü