Sportinfo.az xəbər verir ki, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev Premyer Liqanın 13-cü turunda səfərdə “Şamaxı”nı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra sualları cavablandırıb.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Çox çətin oyun keçdi. Əvvəldən də belə olacağını bilirdik. “Şamaxı” çox yaxşı komandadır. Həmişə rəqiblərə çətinlik yaradır. Özəlliklə də Şamaxıda, süni meydanda oynamaq bütün komandalar üçün problemdir. Çox çətin səfərdən 3 xalla qayıdırıq deyə sevinirik.
- “Şamaxı” ilə ilk dövrədəki görüşdə xal itirmişdiniz. Bu komanda ilə oyunlarınızın çətin alınması nədən irəli gəlir?
- Bəli, ilk dövrədə öz meydanımızda heç-heçə oynamışdıq. Həqiqətən də “Şamaxı” ilə oyunlar həmişə çətin keçir. Budəfəki matç da istisna olmadı, maraqlı, dramatik oyun izlədik.
- Baş məşqçilər arasındakı insidenti necə şərh edərdiniz?
- Çox xoşagəlməz hadisədir. İstəməzdik belə olsun. Oyunun dramatikliyi məqçilərə də təsir edir. Açığı, oyun zamanı epizodu görmədim. Çünki komandamız qol vurmuşdu. İstənilən halda xoşagəlməz haldır. İnşallah, bir də təkrarlanmaz.
- Hazırda 23 xalla beşinci pillədə qərarlaşmısınız. İkinci yerdən cəmi 3 xal geri qalırsınız. Mövsümün sonunda hədəfə çatmaq perspektivini necə qiymətləndirirsiniz?
- Biz hər matça 3 xal üçün çıxırıq. İnşallah, yaxşı olar.
- Qarşıdan kubok oyunu gəlir...
- Kubok matçında zədə səbəbindən bir neçə oyunçumuz meydana çıxa bilməyəcək. Xüsusən də mərkəz müdafiəçilərimizlə bağlı problem var.
- Demək olar ki, əksər Premyer Liqa klubları ilə müqayisədə kubokda “Sumqayıt”ın işi daha asandır?
- Bu fikirlə razı deyiləm. Düzdür, “Difai” I Liqa təmsilçisidir. Lakin unutmayaq ki, əvvəlki mərhələdə Premyer Liqa klubları aşağı liqa təmsilçiləri ilə matçlarda xeyli əziyyət çəkdilər. İstər “Karvan-Yevlax”, istər “Şamaxı” mərhələni çətinliklə adladı. Bu gün heç kim asanlıqla təslim olmur. Ona görə də bütün rəqiblərə ciddi yanaşacağıq.
- Mərhələ adlasanız, 1/4 finalda “Zirə” - “Neftçi” cütünün qalibi ilə üz-üzə gələcəksiniz. Bu komandalardan hansını “Sumqayıt” üçün daha münasib hesab edirsiniz?
- Fərqi yoxdur, ikisi də çox güclü rəqibdir. Hələ mərhələ adlamamışıq. Ona görə də indi nəsə deməyim düz olmaz. Öncə “Difai”ni keçmək lazımdır.
- Çempionatda növbəti turda “İmişli” ilə üz-üzə gələcəksiniz. Həmin matçdan gözləntiləriniz nədir?
- “İmişli” heç kimin gözləmədiyi halda yaxşı oyun göstərir. Ağır rəqibdir. Birinci matçda meydanda uduzsaq da, texniki qələbə sayəsində 3 xal əldə etmişdik. Budəfəki matçda da çox çətin keçəcək.

