"Sumqayıt"ın müdafiəçisi Höccət Haqqverdi Premyer Liqanın 12-ci turunda "Qarabağ"a məğlub olduqları oyundan (2:4) sonra Sportinfo.az-a müsahibə verib.
- Yaxşı oyun keçirdiniz. Ən azı 1 xal qazanmağa taktiki, texniki baxımdan nə mane oldu?
- Düşünürəm ki, çox yaxşı oynadıq və ən azı 1 xala layiq idik. Əgər 10 oyunçu ilə qalmasaydıq, oyun çox fərqli olardı. Yaxud penalti vurulsaydı, daha əvvəl daha bir qol vura bilərdik, amma futbolda bunlar normaldır. Ümumilikdə, məğlubiyyətə layiq deyildik.
- Məğlubiyyətdə baş hakimin rolu nə qədər idi?
- Hakim yaxşı idi, amma oyunçumuzu meydandan qovarkən bir az sərt qərar verdi və komandamıza böyük təsir göstərmiş oldu.
- "Qarabağ" mövsümdə yeganə məğlubiyyətini sizdən alıb. Bu dəfə də nəticəyə rəğmən pis deyildiniz. Son illərin hegemonuna qarşı bu qədər rahat olmağınız nə ilə bağlıdır?
- Düşünürəm ki, çempionatda heç bir komanda "Qarabağ"a qarşı bu cür oynamayıb. 10 oyunçu ilə belə yaxşı çıxış etdik. Çox yaxşı komandamız var və bütün komandalara qarşı qəlbimizlə oynamağa çalışırıq. Azarkeşlər də bizə çox kömək etdilər və ümid edirəm ki, onlar həmişə ev oyunlarında bizi bu cür dəstəkləyəcəklər. Bütün bunlar yaxşı oyun oynamağımızın səbəbləridir
- Qarşınızda büdcəsi, keyfiyyəti "Sumqayıt"dan yaxşı olan ən az 5-6 rəqib var. Avrokuboklara getmək mümkünsüz görünmür?
- Düzdür, onların büdcəsi bizdən daha böyük ola bilər, amma düşünürəm ki, daha yaxşı komandamız və daha çox motivasiyamız var. Hamısına qarşı oyunda daha yaxşı komanda olduğumuzu göstərdik. Əlbəttə, Avropaya vəsiqə qazanmaq üçün mövsümün sonuna qədər mübarizə aparmalıyıq, amma belə davam etsək, çox yaxşı şansımız var.
XANOĞLAN İMANOV

