"Sumqayıt"ın prezidenti Riad Rəfiyev bu komandanın sabiq baş məşqçisi Samir Abasovun "Neftçi"dən ayrılmasına səssiz qalmayıb.
O, idman jurnalisti Elsəvər Muradzadənin sosial şəbəkə hesabından yazdığı postu bəyənməklə Abasovu hələ də unutmadığını göstərmiş olub.
Bilməyənlər üçün xatırladım ki, Samir Abasov "Sumqayıt"ı "Neftçi"yə dəyişəndə "Kimyaçılar"la qüvvədə olan müqaviləsi vardı.
Rəfiyev 47 yaşlı mütəxəssisin klubu tərk etməsini istəmirdi.
Amma gedişatda işə kənar müdaxilə oldu, yekunda "Sumqayıt"ın rəhbəri baş məşqçi ilə əlində müqavilə ola-ola onu buraxmaq məcburiyyətdə qaldı.
Özü də təzminatsız...
Görünür, ayrlığın arxada qoyduğu yaralar hələ tam sağalmayıb.
Sonda haqqında bəhs etdiyimiz postu olduğu kimi sizə təqdim edirik:
"Samir Abasov şəhərinin klubu olan “Sumqayıt”ı atıb “Neftçi”yə keçəndə də müqaviləsinə hörmət etməmişdi. Təzminat verməmək üçün yuxarıdan klub rəhbərliyinə təzyiq etdirib məsələni həll etmişdi.
İndi isə “Neftçi”də müqaviləsinin bitməsinə cəmi 6 ay qalmışdı. İstefa verib hörmətlə ayrılmaq əvəzinə, 6 ayın pulunu almaq üçün qovulmağı seçdi.
Bu cür gəlişə belə getmək yaraşırdı elə...".
XANOĞLAN / SPORTİNFO.AZ

