"Qarabağ"la matçda da yanlış qərarların "qurban"ı olduq, tələb edirik ki…”

15:00 Sumqayıt 141
"Qarabağ"la matçda da yanlış qərarların "qurban"ı olduq, tələb edirik ki…”

Ötən gün keçirilən "Sumqayıt" - "Qarabağ" oyunu maraqlı mübarizə, əla futbol atmosferi, mövsümün azarkeş rekordu ilə yanaşı, həm də hakim qərarlarının müzakirəsi ilə yadda qaldı.

Belə oyunun baş hakimi Fərid Hacıyevin bir neçə epizodda, xüsusilə də meydan sahiblərinin əks-hücumu zamanı "Qarabağ"ın hücumçusu Emmanuel Addainin Aleksandr Ramalinqoma müdaxiləsində qırmızı vərəqə verməməsi, həmçinin "Sumqayıt"ın müdafiəçisi Rayan Senhadcinin ikinci sarı vərəqə ilə meydandan uzaqlaşdırılması geniş rezonans doğurdu.

Məsələ ilə bağlı "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevlə əlaqə saxladıq. Klub rəsmisi bildirdi ki, bu kimi hallar ilk dəfə deyil klubun başına gəlir:

"Artıq neçənci dəfədir ki, oyunlarımızda yanlış hakim qərarları ilə üz-üzə qalırıq. Bunlardan bəziləri nəticəyə təsir edən, kobud səhvlər olub.

Həmçinin,ötəngünkü "Qarabağ"la matçda da hakimin yanlış qərarlarının, belə demək mümkünsə, "qurbanı" olduq. Bununla bağlı AFFA-ya şikayətimizi bildirəcəyik.

Səbəblərini öyrənməyə çalışırıq ki, niyə məhz "Sumqayıt"ın oyunlarına təyinat alan hakimlər bu cür aşkar səhvlərə yol verirlər.

Biz əziyyət çəkirik, azarkeşləri meydana toplayırıq, əsl bayram ab-havası yaradırıq, amma hakimlərin ədalətsiz qərarları insanları, azarkeşləri futboldan küsdürür.

Belə qərarlar futbola investisiya edən şəxsləri, sponsorları da bu oyundan uzaqlaşdırır. Tələb edirik ki, hakimlər diqqətli olsunlar, bütün komandalara qarşı bərabər şəkildə davransınlar!"

Zaur Xudiyev qeyd edib ki, xüsusilə Rayan Senhadcinin haqsız qırmızı vərəqə ilə oyundan uzaqlaşdırılması komandanın oyununa kəskin təsir etdi:

"Aydın məsələdir ki, "Qarabağ" kimi komandaya qarşı 40 dəqiqəyə yaxın müddət 10 nəfərlə oynamaq çox çətindir. Bu qərar olmasaydı, komandamız oyunda geridönüş edə bilərdi".

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti