“Sumqayıt”ın daha bir futbolçunu heyətinə qatmasından xəbərdarsız.
"Kimyaçılar" son olaraq Türkiyədə “Sakaryaspor”un formasını geyinmiş Nsana Simon ilə 2 il uzatma şərti ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Fransada “Lans”ın yetirməsi olan mərkəz yarımmüdafiəçisi Konqo millisinin üzvüdür.
Simon karyerası boyunca İsveçrədə “Sent Qallen” və Sloveniyada “Bravo”nun uğurları üçün tər töküb.
"Sumqayıt"ın yeni transferi Nsana Simon Sportinfo.az-a müsahibə verib.
- Premyer Liqanın 10-cu turunda "Araz-Naxçıvan"ı məğlub etdiz (3:2). Debütün haqda ilkin düşüncələrin necədir?
- İlk təəssüratlarım çox müsbətdir. Klubdan, komanda yoldaşlarımdan və işçi heyətindən isti qarşılanma aldım. Həmçinin yaxşı oyunçuları və böyük intensivliyi olan rəqabətli bir liqa kəşf etdim. İnkişaf etmək və böyük şeylərə nail olmaq üçün burada hər şeyin olduğunu hiss edirəm.
- "Araz-Naxçıvan"la görüşdəki möhtəşəm geridönüşün bir parçası oldun. 1:2 məğlub olanda belə sonluq olacağına inanırdın?
- Bəli, mən həmişə belə olduğuna inanırdım. Komanda əsl zehni güc və böyük həmrəylik nümayiş etdirdi. Heç vaxt təslim olmadıq və sona qədər mübarizə apardıq. Bu cür matç uşaqların xarakterini göstərir və gələcək üçün çox ruhlandırıcıdır.
- Mövsümün sonuna qədər müqavilən nəzərdə tutulub. "Sumqayıt" keçməkdə hədəflərin nədir?
- Əsas məqsədim komandanın kollektiv ambisiyalarına çatmasına kömək etməkdir. Təcrübəmi töhfə vermək, meydanda bütün gücümü sərf etmək və qrupla birlikdə böyümək istəyirəm. Şəxsi səviyyədə əsl potensialımı göstərmək, zövq almaq və klubun etimadını qazanmaq istəyirəm.
- Artıq 3 həftədir Sumqayıtdasan. Şəhər, insanlar barədə ilkin təəssüratların necədir?
- Şəhər sakit və xoşdur. İnsanları çox mehriban və qonaqpərvərdirlər ki, bu da mənə tez uyğunlaşmağa kömək etdi.
XANOĞLAN İMANOV

