
"Sumqayıt" özünə gəldi.
Saşa İliçin komandası doğma meydanda "Karvan-Yevlax"ın daşını daş üstə qoymadı - 4:1.
Növbəti uğursuz oyun yerli publikanın əsəblərini tarıma çəkə bilərdi.
Amma sonluq üzlərini güldürəcək, qəlblərini xoşbəxt edəcək qədər möhtəşəm oldu.
Düzdü, serbiyalı mütəxəssis böyük hesablı qələbəyə rəğmən göstərilən oyundan razı qalmadığını açıq etiraf edib.
Amma bu gün "Kimyaçılar" üçün yaxşı oyun ikinci plana düşə bilər/düşməlidir!
Zarafat deyil, 5 matç idi yerli publika qələbə üzü görmürdü. Tək sevindiyi 3 xal "İmişli"yə verilən texniki məğlubiyyət sonrası olmuşdu.
Qarşıdan isə çox ağır qrafik gəlir.
Növbəti iki qarşılaşma "Zirə" və "Araz-Naxçıvan"a qarşı olacaq.
Bu cür iddialı, imkanlı rəqiblərlə görüş öncəsi ayılmaq üçün "Karvan-Yevlax" üzərində qələbə hava-su kimi vacib idi.
O da gəldi.
İndi qalır, nəfəs dərmədən səfərdə "qartallar"a, evdə naxçıvanlılara qarşı döyüşmək.
XANOĞLAN İMANOV