
Sportinfo.az xəbər verir ki, “Sumqayıt”ın baş məşqçisi Saşa İliç Premyer Liqanın 4-cü turunun “İmişli” ilə oyunundan (0:1) sonra keçirilmiş mətbuat konfransında sualları cavablandırıb.
- Meydança çox pis vəziyyətdəydi. Bu da bizim üçün problemlər yaratdı. Bəzi səhvlərimiz oldu və qol buraxdıq. Bizim daha yaxşı komandamız var. Sadəcə, bəxtimiz də gətirmədi.
- Texniki qələbə münasibəti ilə rəqibi təbrik etmək olar?
- Rəsmi məlumat yoxdur. Nəsə demək olmaz.
- Paytaxtdan ilk dəfə bölgəyə çıxdınız. Qubadakı ab-hava necə idi? Bu cür təbii örtüklü meydançadansa, Şamaxıdakı süni örtüklü meydançada oynamağa üstünlük verərdiz?
- Belə meydançada oynamaq çox çətindir. Problemli meydançadır. Əslində, belə meydançada oynamaqdansa, süni örtüklü meydanda oynamaq daha yaxşıdır. Amma buna mən yox, federasiya qərar verir. Gözəl kompleksdir. Amma meydançanın pis durumda olması, hər şeyi alt-üst edir.
- Mehdi Cənnətov topa çıxışlarda səhvə yol verir. Bununla bağlı tədbir görəcəksiz?
- Mehdi çox təcrübəli qapıçıdır. Bu klubda da bir neçə mövsüm oynayıb. Futboldur da, səhvlər olur.
- Növbəti matçı evdə "Neftçi" ilə qarşılaşacaqsız. Bu görüş "Sumqayıt" üçün prinsipial sayılır. Çünki rəqibin baş məşqçisi "Sumqayıt"dan ora gedib...
- "Neftçi" Azərbaycanın böyük klublarından biridir. Oyuna maksimum hazırlaşacağıq. Xüsusi prinsipiallıq yoxdur.