
“Yeni baş məşqçimizin adına yaxın günlərdə aydınlıq gəlməsini gözləyirik”.
Bu sözləri Sportinfo.az-a aşıqlamasında “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib.
Dünən Premyer Liqada növbəti baş məşqçi istefası gerçəkləşib. “Sumqayıt” Aleksey Baqa ilə yollarını ayırıb.
41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Buna səbəb uğursuz nəticələrdir. “Sumqayıt” 7 turdan sonra 3 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.
R.Məmmədov vakant posta 3-4 namizədin olduğunu bildirib:
“Onların arasında həm yerli, həm də əcnəbi mütəxəssislərin adları var. Klubumuzun rəhbərliyi hazırda bu məsələ ilə yaxından məşğuldur.
Yəqin ki, tezliklə yeni təyinat olacaq. İndi əminliklə demək olmaz ki, filan məşqçi ilə yüzdəyüz danışıb anlaşmışıq. Danışıqlar hələ gedir”.