COP29

Komandanı çempion edən məşqçi Premyer Liqada işləyəcəkmi?

23 May 16:20 Şamaxı 1 285
Komandanı çempion edən məşqçi Premyer Liqada işləyəcəkmi?

“Klubumuzu təbrik edirəm, futbolçularımıza "çox sağ ol" deyirəm.

Verdiyimiz tapşırıqları demək olar ki, səhvsiz yerinə yetirdilər”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ramiz Məmmədov 1-ci liqanın son turunda “Araz Saatlı”nı 3:1 hesabı ilə məğlub edərək çempion olduqları oyundan sonra deyib.

Mütəxəssis komandada hər hansı bir arxayınlıq olmadığını bildirib: “Mən dəfələrlə demişəm ki, ikinci dövrədən etibarən 1-ci liqada zəif komanda yoxdur. “Araz Saatlı” ilə oyun da bunu sübut etdi. Matç çox gərgin keçdi. Rəqib sona qədər yaxşı oyun göstərdi. 1 ildir çəkdiyimiz əziyyətin bəhrəsini gördük”.

O, matçın gedişində rəqib hesab arasındakı fərqi azaltdıqdan sonra komandasında ruh düşünkülüyü yaranması barədə bunları söyləyib: “Uşaqlar inanırdılar ki, hesab neçə olur, olsun, qalib gələcəyik. Mövsüm boyu əziyyət çəkmişdik. Son 10-12 dəqiqədə bu şansı əldən verə bilməzdik”.

Ramiz Məmmədov yenidən baş məşqçi kimi Premyer Liqaya qayıtmasından da söz açıb: “Mənim üçün bir o qədər də fərqi yoxdur. Bilirsiniz ki, təcrübəmiz var. Lakin “Şamaxı” klubunun Premyer Liqadan düşüb, yenidən ora qayıtması mənə daha xoşdur. Eləcə də şamaxılı azarkeşlərin sevincini görmək məni sevindirir”.

Maraqlıdır ki, “Şamaxı” Premyer Liqaya Ramiz Məmmədovun uzun illər çalışdığı “Qəbələ”nin əvəzinə yüksəlir. Mütəxəssis bu haqda da danışıb: “Qəbələ də sevimli şəhərimizdir, futbol klubumuzdur. İnanıram ki, onlar da bizim kimi yenidən Premyer Liqaya qayıdacaqlar. Onlara bu yolda uğurlar arzulayıram”.

“Şamaxı”nın çalışdırıcısı matçın gedişində paralel oynanılan “Mingəçevir” - “Qaradağ Lökbatan” görüşünün nəticəsi ilə maraqlanmadığını qeyd edib: “Tam səmimi deyirəm, klubda hamı təsdiqləyə bilər. Rəqiblərin nəticələri ilə maraqlanmamışam. Məni həmişə öz oyunumuz maraqlandırır”.

O bildirib ki, hələlik “Şamaxı”nın Premyer Liqa üçün strategiyası məlum deyil: “Şamaxı”nın ilk yarandığı gündən məqsədi azərbaycanlı futbolçular yetişdirməkdir. Lakin indidən yeni mövsüm üçün komandaya legioner cəlb olunub-olunmayacağı barədə bir söz deyə bilmərəm. Bu haqda rəhbərliklə danışacağıq”.

Mütəxəssis qeyd edib ki, heyəti 1-ci liqada olan futbolçularla da gücləndirə bilərlər: “Bəli, 1-ci liqanın digər klublarında Premyer Liqada çıxış edə biləcək futbolçular var. Özü də çoxdur. Ad çəkməyə indiki məqamda ehtiyac görmürəm. Onlardan bəzilərini baxışa çağıracağıq”

“Bəzən 1-ci liqada qalib olan məşqçiyə klub rəhbərliyi Premyer Liqada şans vermir. Eyni hal “Şamaxı”da da yaşana bilərmi?” sualını R.Məmmədov belə cavablandırıb: “Yaşayarıq, görərik. Sağlıq olsun. Mən hər bir qərara hörmətlə yanaşıram. Təki “Şamaxı” Premyer Liqada olsun. Buna çalışırdıq, qarşıya qoyulan məqsədə də nail olduq”.

Digər Xəbərlər
Xəbər Lenti