"Deməzdim ki, "Neftçi"yə rahat təslim olduq. Komanda olaraq yaxşı mübarizə apardıq. Hesab belə göstərə bilər. Amma oyuna baxanlar gördü ki, bizim qol şanslarımız "Neftçi"dən çox idi. Sadəcə dəyərləndirə bilmədik".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin müdafiəçisi Azər Salahlı deyib.
"Keşlə"nin təsəlli qolunun müəllifi qol şanslarını dəyərləndirə bilməməklərini şanssızlıqla əlaqələndirib: "Qol epizodlarını çox qaçırmağımızı yaxşı hücumçunun yoxluğuna yox, şanssızlığa bağlayardım. Elə olur ki, rəqibin qol epizodu olmur. Sıfır epizoddan qapımıza qol vurulur. Amma bizim çox sayda qol epizodu olsa da yararlana bilmirik. Bu da bəxtsizlikdəndir. Ümid edirəm ki, önümüzdəki oyunlarda bu sindromu qıra biləcəyik".
Təcrübəli futbolçu hazırda çətin durumda olduqlarını etiraf edib: "Əlbəttə, bu durumdan çıxmaq çətin olacaq. Çünki hər oyun yaxşı başlayırıq. Öndə olduğumuz oyunlarda heç nədən qollar buraxırıq. Bu baxımdan psixoloji gərginlik olur. Amma bu futboldur. Əlimizi yanımıza salmaq yox, irəli baxmalıyıq".
Salahlı əsas heyət üzvü olan Şəhriyar Əliyevin son oyundakı yoxluğundan da söz açıb: "Şəhriyar milli komandamızın da üzvüdür. Onun yoxluğu bizim üçün itkiydi. Futbolda belə hallar olur. Digər müdafiəçilər də hər zaman birgə oynadığımız futbolçulardı. Şəhriyarın mövqeyində çıxış edən Boyoviç də təcrübəli futbolçudur. Sadəcə erkən qollar buraxdıq deyə problemlər oldu. Müdafiədə kiminsə kobud səhvi olmadı".
Cinah müdafiəçisi milli komandamızın Dünya Çempionatının seçmə mərhələsindəki şanslarını da dəyərləndirib: "Futbolda hər şey ola bilər. Sadəcə meydana çıxıb, vuruşmaq lazımdır. Hamı eyni istəklə mübarizə aparsa, nəsə eləmək olar".

