"Keşlə"nin və milli komandanın yarımmüdafiəçisi Vusal İsgəndərli Sportinfo.az-a müsahibə verib.
- "Səbail"lə görüşdə "Keşlə"nin məğlubiyyəti (0-2) gözlənilməz oldu. Həmin oyunda nə baş verdi?
- Bizim futbolçu baxımından problemimiz çoxdur. Oyunçu sayımız azdı. Sezona başalyanda tam başqa başlamışdıq. Sonra bəzi oyunçularımız zədələndi, bəzilər ilə yollar ayrıldı. Ona görə də klubda oyunçu sayı çox azdı. Bir də "Səbail"in haqqını yemək olmaz. Qələbəni bizdən çox istədilər və istəklərinə çatdılar. Məncə, istək daha çox rol oyandı. Həm də düşünürəm, ilk hissədə qələbəyə olan aşırı istək bizi yandırdı. İkinci hissə daha rahat futbol oyandıq, amma artıq gec idi.
- Düşünmürsən ki, erkən qollara səbəb meydana bir qədər arxayın çıxmağınız səbəb oldu?
- Yox, vallah. Səmimi sözümdür ki, "Səbail"lə oyuna digər oyunlardan daha ciddi hazırlaşmışdıq. Bilirdik ki, hazırda rəqib yaxşı futbol oynayır, istəkli komandadır. Çətin olacağını bilirdik. Biz o səviyyədə deyilik ki, hansısa kluba yuxarıdan aşağı baxaq. Mümkün deyil belə şey.
- "Səbail"in vurduğu ilk qolda Urfanla mübarizəni uduzdun. Həmin epizodda nə baş verdi?
- Həmin epizodda qayda pozuntusu vardı. Elə mövqedə gedən mübarizələrdə mən heç vaxt dayanmıram, axıra kimi oynayıram. Amma o məqamda Urfan istəmiyərək qaydanı pozdu. Qoldan sonra Urfanla danışdım. O da dedi ki, mən istəmədən səni vurdum. Dirsəyi mənim qulağıma dəydi. Bu da açıq-aşkar qayda pozuntusu deməkdir. Hakim niyə vermədi səbəbin bilmirəm.
- "Səbail"lə oyunda baş məşqçi Yunis Hüseynov məlum səbəblərdən ehtiyat skamiyada yox idi. Uğursuzluqda bu məqamın da rolu oldumu?
- Əlbəttə, baş məşqçinin olmamağı rol oynaya bilər. Ancaq digər məşqçimiz Zaur müəllim ordaydı. Özü də təsdiqləyə bilər ki, hansı istəklə, həvəslə bu oyuna hazırlaşmışdıq.
- "Keşlə" hazırda uğursuz dönəm yaşayır. Növbəti rəqib lider "Neftçi"dir. Sənin də olmayacağını nəzərə alsaq, "Keşlə" üçün bu oyunda uğur qazanmaq çətin olmayacaq?
- Əlbəttə, çox istərdim ki, son oyunda "Neftçi" üzərində qələbə qazanmaq üçün komandama kömək edim. Rəqiblərdən uzaqlaşmamaq üçün bu qələbə vacibdir. Meydanda olmağı çox istərdim. Bilmirəm, mənsiz komanda nə qədər uğurlu olacaq, yoxsa əksi. Sevinərəm ki, mənsiz komanda uğur qazansın.
- "Keşlə" hazırda 6-cı yerdədir. Bundan sonra liderlər qrupuna qayıtmaq mümkün olacaq?
- Məncə, qışda komandanın keçəcəyi hazırlıqdan, heyətə qoşulacaq futbolçulardan çox şey asılıdır. Əgər bunlar yaxşı olsa, əlbəttə, mümkündür. İlk turlar uğurlu çıxış edirdik. Çempionliq şanslarımızdan danışılırdı. Birdən birə belə olması o deməkdir ki, nələrisə düz etməmişik.
- Belə başa düşdüm ki, qış fasiləsində komanda yeni oyunçularla güclənməsə, sona kimi mübarizə aparmaq çətin olacaq.
- Bəli, əgər güclənməsək, çox çətin olacaq.
- Son üç turda "Keşlə" qələbəyə, sənsə qola həsrətsən. Şəxsi göstəricin komandanın çıxışı ilə bağlıdır, yoxsa özün də yaxşı formada deyilsən?
- Mən açıq deyəcəm. Tək heç nə alınmır. Bu gün komandanın vəziyyəti yaxşı deyilsə, demək ki, mənim də futbolçu kimi vəziyyətim yaxşı deyil və kömək edə bilmirəm. Şanslarım çox olub. Deməli, xeyirlisi budur. Çox inanıram ki, mövsümün qalan hissəsi daha yaxşı formada olacam.
Xanoğlan İmanov

