"Valentin Xodikinin dünyasını dəyişməsi çox üzücü xəbər oldu.
Bildiyimə görə, koronavirusdan dünyasın dəyişib. Yaxınlarına başsağlığı verir, ailəsinə səbr diləyirəm".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "İnter"in (hazırkı "Keşlə") sabiq hücumçusu Xəqani Məmmədov deyib.
Bir vaxtlar Xodikinin rəhbərliyi altında Azərbaycan çempionluğunu qazanan və elə həmin mövsümün bombardiri olan Məmmədov o illəri belə xatırlayır:
"Deyərdim ki, ən yaxşı illərim onun dövründə olub. Yaxşı kollektiv yarada bilmişdi. Onunla çempion olmağı bacardıq.
Bir yerdə yaxşı günlərimiz olub. Komandaya çox canı yanan, futbolu yaxşı bilən mütəxəssis idi. Çox yumşaq, futbolçularını sevən və onlara hörmət qoyan bir insanıydı".
Veteran futbolçu ukraynalı mütəxəssislə aralarında qalmaqallar olmasını da gizlətmədi: "Komandanın daxilində qalmaqallarımız çox olurdu. Bu, bir ailə idi.
Elə şeylərin olması normaldır. Hər bir ailədə söz-söhbət olur. Amma buna baxmayaraq, Xodikin də, mən də komandaya, işimizə canımızı yandırırdıq.
Ölkəmizi tərk edəndən sonra əlaqəmiz yalnız sosial şəbəkə üzərindən qalırdı. Arada yazışırdıq".

