Birinci Liqada mövsümün 1/3 dən bir qədər artıq hissəsi geridə qaldı.
Hər kəsi təəccübləndirən bir komanda var – “Səbail”.
Bayıl təmsilçisi 22 xalla üçüncü sırada qərarlaşır.
Liderlə arada nə az, nə çox 8 xallıq fərq var.
9-cu turda mövsümdə ilk məğlubiyyətini "Cəbrayıl"dan alan Bakı klubu baş məşqçi Elvin Məmmədovla yolları ayırmağa qərar verdi.
İlk məğlubiyyətə kimi isə kollektiv 5 qələbə, 3 bərabərliklə yadda qalmışdı. Heç-heçələrdən biri "Şəfa" digərləri "Şimal" və "Baku Sportinq"ə qarşı matçlarda rellaşıb.
Klub rəhbərliyi “sonra gec olar” düşüncəsi ilə baş məşqçi dəyişikliyinə erkən getdi.
Qınamaq da olmur. Yaradılan şərait, qurulan heyət, ayrılan büdcə və ən əsası Premyer Liqa təcrübəsi imkan verirdi ki, “dənizçilər” rəqib tanımasın.
Birnəfəsə çempionluq üçün oynasın. Təxminən ötən mövsümkü “Qəbələ” kimi.
Məmmədovun gedişi indi də olmasa, bu gedişlə bir neçə tur sonra üçün yetişirdi.
Bir sözlə, bura qədərində problem yoxdur.
Yeni təyinat sürpriz oldu. Bir dəfə “Kəpəz”i elitadan düşməkdən xilas edən, sonrakı iki mövsümdə ardıcıl olaraq fiasko yaşayan və elə həmin “Kəpəz”i turnir cədvəlinin zirzəmisində buraxaraq gedən Adil Şükürov boşalan posta gətirildi.
Məsələn, mənə görə Şükürovdansa elə Elvin Məmmədovla davam etmək daha az riskli görünə bilərdi.
Zaman da bunu göstərir.
Qısa müddətdəcə Adil Şükürova olan ümidlər də özünü doğrultmadı. Təcrübəli mütəxəssislə vəziyyət daha da pisləşdi. Şükürovun rəhbərliyi altında keçirdiyi 3 matçda "Səbail" cəmi 1 qələbə qazana bilib.
11-ci turda "Şahdağ Qusar"la səfər oyununda məğlubiyyətdən çətinliklə xilas olan komanda, son görüşdə aşkar autsayder "Şimal"dan doğma divarlar arasında şok məğlubiyyət aldı - 3:4.
Kimsə düşünə bilər ki, yeni baş məşqçiyə zaman lazımdır. Baxır harada… “Səbail” hazır komandadır. Elvin Məmmədov da kifayət qədər normal futbol oynadırdı. Həm şanssızlıq, həm də Birinci Liqanın reallıqları nəticələrin uğurlu olmasına mane olurdu.
Psixoji dəstək, əlavət motivasiya dirçəlişə yetərli idi. Şükürov ilk cəhddə bacarmadı.
Hazırda davam edin fasilə növbəti qızıl dəyərində şans kimi dəyərləndirilə bilər..
Əgər fasilədən sonra da “Səbail” gözləntilərin altında qalsa, 48 yaşlı mütəxəssis “Kəpəz”dən fərqli olaraq burada özü getmək ərizəsini rəhbərliyə təqdim edə bilər.
XANOĞLAN / SPORTİNFO.AZ

