Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparan «Səbail»də Elvin Məmmədovdan ciddi narazılıq yaradıb.
Bayıl təmsilçisinin oyunçuları bu barədə saytımıza öz şikayətlərini çatdırıblar.
Redaksiyamızla əlaqə saxlayan bir qrup «dənizçi» baş məşqçinin tətbiq etdiyi hazırlıq prosesindən və seçdiyi taktikadan gileylənib.
Onların bildirdiyinə görə, gənc çalışdırıcı komandaya qorxaq futbol oynadır, bütün rəqiblərdən çəkinir:
«Biz «Şimal»la 0:0 oynayası komanda deyilik. «Difai»ni 90+6-cı dəqiqədə vurulan qolla udmalı deyilik.
Yaxşı heyətimiz var. Şəraitimiz də pis deyil.
Rəhbərlikdən narazılığımız yoxdur. Firuz Abdulla daim kollektivin yanındadır, problemlərimizi dinləyir. Ona və digər funksionerlərə fikrimizi demişik.
Elvin Məmmədov bizdən tələb edir ki, müdafiədən topla çıxın, tələsməyin. O, mövqe hücumlarına üstünlük verməyimizi istəyir.
Bu taktika Birinci Liqada çox da işə yaramır. Çünki demək olar bütün rəqiblər bizimlə oyunda arxaya çəkilir.
Sürətli oynamasaq, müdafiədən dörd-beş pasla çıxmasaq, daha yaxşı nəticə qazanarıq. Baş məşqçi komandaya bir qədər rahat oynamaq imkanı versəydi, altı tura maksimum xal toplaya bilərdik.
Yerini itirməkdən çəkindiyini biz də görürük. Məşqlərdə əsasən topla müdafiədən çıxmaq və standart vəziyyətlər üzərində işləyirik.
Hər gün eyni məşqi etməkdən özümüz də bezirik».
“Səbail” geridə qalan 6 turda 14 xal toplayıb və turnir cədvəlinin lideri “Şəfa”dan 2 xal geri qalır. “Dənizçilər” üçüncü sıradakı “Mingəçevir”i 1 xal qabaqlayır.
SPORTİNFO.AZ

