COP29

"Qarabağ”ı udmağımız sürpriz sayılmır, bunu göstərmişik"

3 Fevral 03:20 Səbail 857
"Qarabağ”ı udmağımız sürpriz sayılmır, bunu göstərmişik"

Sonuncu dəfə 17-ci turda "Qəbələ” üzərində qələbə qazanan "Səbail” bu gün Azərbaycan Premyer Liqasının 21-ci növbəti matçına çıxacaq.

Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv "Qarabağ”la qarşılaşacaq.

Bir neçə gün öncə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Zirə”yə 1:2 hesabı ilə məğlub olan bakılıların kapitanı Adil Nağıyev son durumları haqda danışıb.

Yüngül zədəsi olan kapitan "Qarabağ”la oyun üçün şansları da dəyərləndirib:

"Bir qədər dizimdə zədə var. Amma elə də böyük problem yoxdur. Baş məşqçi şans verəcəyi təqdirdə sabah oynamağa hazıram. "Qarabağ”ın gücünü hamı bilir. Onların adı bütün futbolçular üçün motivasiyadır. Biz də öz meydanımızda oynayacağıq. Qələbə üçün meydana çıxacağıq, maksimum nəticə qazanmağa çalışacağıq. İlk dövrədə öz meydanımızda sübut etmişdik ki, bunu bacarırıq. Çətin olacaq. Düzdür, üç-dörd gündən bir oyun keçiririk deyə yorğunluq olur. Belə tsikldə oynamağa öyrəşməmişik. Amma bu normal haldır, futbolda olur. İstədiyimizi almağa çalışacağıq. Şanslar həmişə bərabərdir. Düzdür, hər kəs favorit kimi "Qarabağ”ı görür. Futbolda sürpriz nəticələr olur. "Qarabağ”ı udmağımız sürpriz sayılmır. Bunu qışdan öncə göstərmişik”.

Nağıyev Azərbaycan Kubokunda "Zirə”yə məğlub olduqları matça da toxunub:

"Bundan əvvəl çempionatda da onlarla oynamışdıq. Yaxşı komandadır, topla davranmağı xoşlayırlar. Kubok oyunudur, çalışdıq ki, daha etibarlı çıxış edək. Ən azı qol buraxmayaq. İlk 15 dəqiqədə sanki diqqətsizlik oldu, komanda oyundan qopdu və qol buraxdıq. Toparlandıq, qol vurduq. Cütün taleyi cavab qarşılaşmasına qalıb. Şansımız bərabərdir. yarımfinala vəsiqə qazana bilərdik”.

Kapitan fasilədən sonrakı və əvvəlki "Səbail”i müqayisə edib:

"Dəyişikliklər, məncə, yaxşıya doğrudur. Baş məşqçinin verdiyi tapşırıqları və taktiki gedişləri yerinə yetirməyə çalışırdıq. Qışdan öncə zədəlilərimiz də çox oldu, yeni-yeni sağalırlar. Yeni transferlər oldu, onların komandaya uyğunlaşması üçün vaxt lazımdır. Mövsümə başlayanda ilk üç-dörd tur yaxşı oynamadıq. Sonradan hamı bir-birini başa düşdü. Belə olduqda nəticələr də gələcək. İnanıram ki, sabahkı oyunda və sonrakı turlarda daha yaxşı "Səbail” görəcəyik”.

Müdafiəçi uzun müddətdir qələbə qazanmamalarına belə reaksiya verib və mövsümün sonunda komandanı hansı pillədə gördüyü haqda fikirlərini bölüşüb, həmçinin avrokuboklara vəsiqə şansını dəyərləndirib:

"Əlbəttə, qələbə qazanmayanda futbolçularda gərginlik olur. Bu, qələbə istəyindən irəli gəlir. Məşqçi bizimlə danışır, komandanı motivasiya edir. Meydanda oyun göstərsək, nəticə gələcək. Həm keyfiyyətli, həm də insani cəhətdən çox yaxşı futbolçularımız var. Qışdan öncə də eyni komanda idi. Fasiləyə ilk "dördlük”də yollandıq, ikinci pillədə olan komanda ilə aramızda bir xal fərqi vardı. Üçüncü dövrədə qələbə qazana bilməmişik deyə üç-dörd xal geriyə düşmüşük. Bu, problem deyil, potensialımız böyükdür, qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazanacağımıza inanırıq. İnşallah, çempionatı indiki mövqeyimizdən daha yuxarı pillələrdə bitirərik. Komandamızın bunun üçün gücü var. Bildiyiniz kimi, kollektivimizə üç yeni futbolçu qoşuldu. Hər üçü yarımmüdafiəçidir. Əsas futbolçularımız, Ağabala Ramazanovla David Qomeş zədələnmişdi. Allah onlara şəfa versin, çox böyük zədə alıblar. Onların yerində boşluqlar vardı. Məşqçi güvənib gətirib, bizə kömək edəcəklərinə, irəli aparacaqlarına inanırıq. Uyğunlaşmaları üçün onlara da zaman lazımdır. Çünki hansısa xarici dövlətdən, yəni başqa ab-havadan gəliblər. Onlara dəstək veririk ki, bizə daha tez uyğunlaşsınlar”.

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 11:20 Çox qazanacaqsız!
5 Oktyabr 08:40 "Sabah"da yeni oyunçu
5 Oktyabr 04:00 Qapmıza 6 qol vurdular
5 Oktyabr 02:40 Qazaxıstana məğlub olduq
5 Oktyabr 02:30 Nə vaxt qayıdacaqlar?