COP29

Gündəmin komandası - Bataqlıq necə zirvəyə çevrildi?

20 Sentyabr 2023 20:40 Səbail 695
Gündəmin komandası - Bataqlıq necə zirvəyə çevrildi?

Kimsənin ağlına gəlməzdi ki, ötən mövsüm elitada qalmaq uğrunda “Şamaxı”yla amansız mübarizəyə girişən “Səbail” cari mövsümə fırtına kimi başlayacaq.

Yayda heyətin yarısından çoxunu dəyişməklə ciddi riskə əl atan Şahin Diniyev təmkinli davranmağın nəticəsini görməkdədir.

Tənqidləri qəbul etdi. Küsmədi, təzyiq alrtına düşmədi. Düzdü və gələcək üçün qurduğu planın icrasına başladı.

Çempionata “Sumqayıt”dan aldığı böyük hesablı yenilgi ilə başlayan (1:4) “dənizçilər” ilk 3 turda aktivinə cəmi 1 xal yazdırmağı bacarmışdı.

Görənlər heyrətə gəlirdi. Ki, transferlərə bu qədər pul xərcləyən komanda niyə bu gündədir?

Rəhbərlik, baş məşqçi və futbolçular səbr nümayiş etdirərək Tovuz səfərindən 3:1-lik parlaq qələbə ilə qayıtmaqla proqnozları alt-üst etdi.

Bölgədəki qələbəni təsadüf möcüzəsi kimi dəyərləndirənlər az deyildi. “Turan Tovuz”un oyununun alınmadığını, erkən qolun qonaqların xeyrinə işlədiyini iddia edənlər də var idi. C

əmi bir həftə sonra “Səbail” ölkənin bir nömrəli komandasını – “Qarabağ”ı məğlub etməklə ictimaiyyəti şoka saldı.

Sonuncu turda “Kəpəz” üzərində qazanılan 3 cavabsız qollu möhtəşəm zəfər isə Bayıl təmsilçisinin real gücünün göstəricisi idi. Bununla da təsadüfə və möcüzəyə inam yeri qalmadı.

Təsadüf bir dəfə olur, uzağı iki dəfə. Amma bir komanda çətin bölgə oyunlarından qələbə ilə qayıdırsa, “Qarabağ”ı udursa, 3 matçda rəqib qapılarından 8 top keçirirsə, deməli, klub və komandada ciddi iş görülür.

Diniyevin yerli futbolçu seçimində çox ciddi problemi var. Azərbaycanlıların sayı yetərli deyil.

Sabah 1-2 nəfər sıradan çıxsa, pişiyin quyruğu qapı arasında qalacaq. Elə buna görə də yayboyu əsas diqqət legionerlərə, daha doğrusu, düzgün futbolçu seçiminə ayrılmışdı.

İki tərəfdə “yanmaq” olmazdı. Yerlilərlə bağlı problemi bacarıqlı legionerlərin hesabına ört-basdır etmək lazım gəlirdi.

Və sirr deyil ki, “Səbail”in 6 oyundan 10 xal toplayıb üst sıralarda qərarlaşmasının ən başlıca səbəbi transfer siyasətinin düzgün aparılmasıdır.

Ötən futbolun ilində “dənizçilər” 10 xalı 11 turda əldə etmişdisə, cari mövsümdə həmin göstərici 6 tura əldə olundu. Gündəmin komandası bu minvalla davam etsə, hələ çox sürprizlərin şahidi olacağıq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti