
Hesabat turunun sürpriz nəticəsinə “Səbail” imza atdı.
Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “dənizçilər” avrokuboklara vəsiqəni vaxtında əvvəl təmin etmiş “Sabah”ı məğlub etdi – 2:1.
Nəticə öz yerində. Oyunun sonlarında, yəni meydan sahibləri qələbə topunu vuranda Şahin Diniyevin qol sevinci qəribə alındı.
Təcrübəli çalışdırıcı öncə sağ-soluna boylandı, daha sora arxasında dayanan xərəkdaşıyan uşaqlardan birinə yaxınlaşıb, onu bağrına basdı. Ardınca digər uşaqlar da sevincini Diniyevlə bölüşdü.
Baş məşqçinin qeyri-adi qol sevinci zamanı ağıllarda sual yarandı: Həmin uşaq kim idi və niyə məhz o?
Şahin Diniyev Sportinfo.az-a açıqlamasında məlum məsələylə bağlı sualı cavablandırıb:
“Səhv etmirəmsə, hesab 1:1 idi, texniki zonada işimi yerinə yetirirdim. Meydana yaxınlaşıb tapşırıqlarımı verib, yerimə qayıdırdım. Təbii ki, müəyyən qədər narahatlıq da vardı.
Epizodların birində yerimə qayıdanda o uşaq mənə tərəf baxırdı. Mən də yaxınlaşıb başına sığal çəkdim. Dedi, Şahin müəllim, bu oyunu biz udacağıq.
Qələbə qolu vurulanda o uşağın sözü yadıma düşdü. Ona görə də yaxınlaşıb, ehtimalının həyata keçməsinə görə onu qucaqladım.
Başqa səbəb yox idi. O uşaq akademiyamızın futbolçusudur. Oyunlar zamanı xərək daşıyır. Yəni xüsusi tanışlıqdan söhbət gedə bilməz”.
HƏBİB
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: