Azərbaycanın U-21 millisi seçmə mərhələnin növbəti görüşündə Çexiya ilə 1:1 hesablı heç-heçə etdi.
Oyundan sonra baş məşqçi Rəşad Eyubov və futbolçular əsas hədəfin xal rekordunu yeniləmək olduğunu bildirdilər. Əvvəlki rekord 9 xaldır, qarşıda isə Şotlandiya və Cəbəllütariqlə oyunlar var.
Şotlandiya səfərindən xal gətirməyin möcüzəyə bərabər olduğunu baş məşqçi də bilir, futbolçular da, elə biz də. Ümid qalır Cəbəllütariqlə Bakıdakı qarşılaşmaya.
Tutaq ki, hər şey istədiyimiz kimi oldu, Cəbəllütariqi məğlub etdik və 10 xal topladıq.
Bəs sonra nə olacaq?
Altı komandalı qrupu yenə beşinci pillədə başa vuracağıq. Cəbəllütariqlə oyunlardan əldə olunan 6 xalı çıxsaq, qalan 4 rəqiblə 8 oyunda cəmi 4 xal toplamış olacağıq. Yəni əvvəlki illərdə görməyə alışdığımız mənzərəyə təkrar baxacağıq.
Buna inkişaf demək mümkündürmü?
Əlbəttə, rekord yeniləmək futbolçu üçün motivasiya ola bilər. Rəşad Eyubov üçün isə şəxsi CV-sini zənginləşdirmək baxımından əla fürsətdir. Amma Azərbaycan futbolu üçün əsas hədəf rekord yox, inkişaf olmalıdır.
Çünki 10 xal bizə yeni futbolçu qazandırmayacaq. Uşaq futbolundakı problemləri həll etməyəcək. Bir neçə ildən sonra əsas millinin yükünü daşıyacaq keyfiyyətli futbolçular yetişdirməyəcək.
Özümüzü rəqəmlərlə aldatmayaq.
Bizə rekord xal yox, məqsədyönlü inkişaf, keyfiyyətli futbolçular və ümid verən gələcək lazımdır.
Cəbəllütariqlə oyunları çıxanda 8 matçda cəmi 4 xal toplayırıqsa, inkişafdan danışan adamı axmaq yerinə qoyub gülərlər.
Özünüzü və hesabat verdiklərinizi rəqəmlərlə aldatmayın, cənabları.
HƏBİB / SPORTİNFO.AZ
