Premyer Liqanın 7-ci turu çərçivəsində keçirilməsi nəzərdə tutulan “Neftçi” – “Sabah” oyunu təxirə salınmayacaq.
Qarşılaşmanın başqa tarixə keçirilməsi ilə bağlı müəyyən fərziyyələr səslənsə də, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas matçın nəzərdə tutulan vaxtda keçirilməsini istəyib.
Litvalı mütəxəssis sıx qrafikə baxmayaraq qarşılaşmanın keçirilməsinin tərəfdarıdır.
“Sabah”ı qarşıdakı həftələrdə kifayət qədər gərgin təqvim gözləyir. Azərbaycan çempionu həm Çempionlar Liqasının liqa mərhələsində, həm Premyer Liqada, həm də Azərbaycan Kubokunda mübarizə aparacaq.
Peşəkar Futbol Liqasının Əsasnaməsinin tələblərinə görə təxirəsalma real variant kimi görünmür.
Bununla belə, zərurət yaranacağı təqdirdə “Sabah” PFL-ə qarşılaşmaların oyun günü və ya məkanının dəyişdirilməsi ilə bağlı müraciət edə bilər.
Belə təcrübə əvvəlki illərdə “Qarabağ”ın oyunlarında da tətbiq olunub. “Sabah” üçün də oxşar variant mümkündür.
Məsələn, “Kəpəz” və ya “Turan Tovuz”la səfər matçlarının məkanının dəyişdirilməsi, yaxud qarşılaşmanın bir gün əvvəl və ya sonraya keçirilməsi müzakirə edilə bilər.
İndiki durumda əsas fakt dəyişmir - “Neftçi” – “Sabah” oyununun təxirə salınması nəzərdə tutulmur.
Oktyabrın 9-da “”Palms Sports Arena”da keçiriləcək matç saat 19:30-da start götürəcək.
HƏBİB
