Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin II turunda Lixtenşteynlə ev oyununun statistikası açıqlanıb.
Statistik göstəricilərə əsasən millimiz meydanı darmadağınla tərk etməli idi.
Təkcə qapı istiqamətinə zərbə sayını qeyd etmək belə düşünmək üçün kifayətdir. Belə ki, millimiz 90 dəqiqə ərzində düz 26 zərbə ilə yadda qalıb.
Bunun 6-da top “çərçivə”yə düzgün istiqamətlənib. Həmin 6 epizodun hamısında rəqibin qapıçısı sayıq çıxış edib.
Bu qədər cəhdin fonunda millimiz 0:0 hesablı heç-heçə ilə kifayətlənməli olub. Lixtenşteyn isə yığmamızı yalnız sarı vərəqə sayında üstələyə bilib. Buna baxmayaraq, rəqib Bakıdan xalla ayrılmağı bacarıb.
Mahir Emreli oyunda ən çox zərbə cəhd edən futbolçu olub və iki zərbəsi qapı çərçivəsinə düşüb. Onun ilk hissənin sonlarında Toral Bayramovun ötürməsindən sonra cərimə meydançasının mərkəzindən etdiyi zərbə qapıçı tərəfindən dəf edilib.
Lakin məsələ yalnız bir futbolçunun fərdi performansında deyil. Problem daha çox hücum mexanizminin tamamlanması ilə bağlıdır.
Azərbaycan hücumun ilk iki mərhələsini - topa sahib olmağı və topu son üçdəliyə çatdırmağı – nisbətən yaxşı yerinə yetirdi. Əsas çatışmazlıq üçüncü mərhələdə, yəni hücumun real qol epizoduna və qola çevrilməsində idi.
Məhz buna görə 74 faiz topa sahibolma və 25 zərbə kimi göstəricilər hesabda öz əksini tapmadı. Futbolda topa nəzarət rəqib qapısında təhlükə yaratmaqla tamamlanmalıdır.
Azərbaycan isə bu oyunda rəqibin müdafiə blokunu uzun müddət öz meydanında saxladı, lakin həmin blokun strukturunu kifayət qədər tez-tez pozmağa nail olmadı.
Baş məşqçi Ayxan Abbasov oyundan sonra əsas problemin qol imkanlarından istifadə edə bilməmək olduğunu qeyd edib. O, komandanın vəziyyətini çətinləşdirdiyini və qarşıdakı oyunlarda nəticə qazanmağın vacibliyini bildirib.
Mahir Emreli də oyundan sonra komandanın matç boyunca dominant olduğunu, çoxsaylı hücumlar qurduğunu, lakin onları qolla tamamlaya bilmədiyini deyib və nəticəyə görə azarkeşlərdən üzr istəyib.
Növbəti qarşılaşmada Azərbaycan Litva ilə üz-üzə gələcək. Lixtenşteynlə oyunda itirilən iki xal fonunda bu matç həm turnir baxımından, həm də komandanın azarkeşlər qarşısında reaksiyası baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan üçün əsas vəzifə oyundakı üstünlüyü bu dəfə hesabda əks etdirməkdir.
Lixtenşteynlə matç Azərbaycan millisinin bir problemini açıq şəkildə göstərdi: komanda oyun qurmaq və rəqib üzərində üstünlük yaratmaq imkanına malikdir, lakin həmin üstünlüyü qola çevirməkdə çətinlik çəkir.
Litva ilə qarşılaşmada əsas diqqət məhz bu problemin aradan qaldırılmasına yönələcək.
SPORTİNFO.AZ
