Azərbaycan millisi Millətlər Liqasının 2-ci turunda şok nəticə ilə yadda qaldı.
Ayxan Abbasovun komandası doğma meydanda Lixtenşteynlə bacarmadı.
90 dəqiqə üstün oynadığımız qarşılaşmada hesab açılmadı.
Sportinfo.az-a açıqlama verən yığmamızın veteran qapıçısı Cahangir Həsənzadə danışmağın çətin olduğunu bildirib:
"Hə, sözsüz ki, üzücüdür. Çox danışmağa da lüzum yoxdur.
Üzüldüm, məyus oldum. Komandamızın belə rəqibi öz azarkeşlərimizin önündə məğlub edə bilməməyi təəssüf doğurur.
Çox şey deməyə ehtiyac yoxdur. Əminəm ki, futbolçular, məşqçi heyəti və klub bu oyunu dərs kimi qəbul edəcək. Sonda qrup lideri olmaq şansımız hələ də var".
Həsənzadə qarşıdakı oyunların əhəmiyyətinə də toxunub:
"Bundan sonrakı oyunların hamısında qələbə qazanmaq məcburiyyətindəyik ki, layiq olduğumuz yerdə olaq. Hazırkı mövqeyimiz bizim layiq olduğumuz yer deyil.
Zaman-zaman belə nəticələr də olur. Ümid edirəm ki, bu oyundan sonra növbəti qarşılaşmalarda daha yaxşı, daha keyfiyyətli oyun sərgiləyərək istədiyimiz nəticəni əldə edəcəyik".
XANOĞLAN
