Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Rəşad Eyyubovun komandası səfərdə Şotlandiya ilə üz-üzə gəlib.
Görüşdə hesabı açan tərəf olsaq da, ardınca 5 qol buraxaraq meydandan məğlub ayrılmalı olduq - 2:5.
Gənclərimiz əslində məğlubiyyətə rəğmən heç də pis təsir bağışlamdı. Bəs uğurlu nəticə üçün nə çatmadı?
Sportinfo.az-a danışan komandamızın kapitanı Ayxan Süleymanlı bunları deyib:
"Düzünü desək, həqiqətən oyun bizim üçün yaxşı başlamışdı. İlk qolu biz vurduq və oyundan əvvəl də özümüzə çox inanırdıq.
Yəni meydana çıxanda ikinci nömrə kimi oynamaq fikrimiz yox idi. Doğrudan da özümüzə inanırdıq və oyunun gedişində də nəticə yaxşı oldu. Uşaqlar daha da motivasiyalı idilər.
Amma birinci qoldan sonra beş-on dəqiqə ərzində ani diqqətsizlik, konsentrasiyanın aşağı düşməsi bizə çox ağır başa gəldi və hesabda geri düşdük.
Sonra yenidən irəli atıldıq, qol vurmaq istədik. Düzdür, qol da vurduq, amma artıq gec idi. Oyuna qayıtmaq üçün nə vaxtımız, nə də gücümüz qalmışdı.
Amma fikrimcə, oyunumuz pis alınmadı. Qorxmadıq, hücumlarımız, təhlükəli epizodlarımız çox oldu. İnşallah, məqsədimiz Cəbəllütariqlə oyunda qələbə qazanmaqdır, Allahın izni ilə.
Ümumilikdə, komandada ruh yüksəkliyi yaxşıdır. Düzdür, məğlub olduq və istəyərdik ki, Şotlandiyadan xalla qayıdaq. Amma yenə deyirəm, inşallah, Cəbəllütariqlə oyunda yaxşı nəticə qazanıb rekord xala sahib olmaq istəyirik".
XANOĞLAN
