İki gün öncə ağır bir gecə yaşadıq Bakıda.
Proqnozlar tutmadı, Lixtenşteyni uda bilmədik.
Bu dərdə təsadüfən mübtəla olmadıq. Lixtenşteyn müdafiə xəttini aşağıda saxladığı üçün əsas problem son üçdəlikdə yarandı.
Rəqib cərimə meydançasının qarşısında sıxlıq yaradırdı və mərkəzdə boşluqlar çox az idi.
Buna görə komandamız tez-tez topu bir cinahdan digərinə keçirməli olurdu. Bu, topa nəzarəti təmin etsə də, hücumların sürətini aşağı salırdı.
Burada əsas taktiki çatışmazlıq topun üçüncü zonaya çatdırılmasından sonra yaranırdı. Azərbaycan topu hücum zonasına gətirə bilirdi, lakin son ötürmə və son hərəkətlərdə kifayət qədər sürət və dəqiqlik yox idi.
Hücumçuların müdafiə xəttinin arxasına ardıcıl qaçışları da rəqibin aşağı blokunu pozmaq üçün kifayət qədər effektiv olmadı.
Bu səbəbdən millimiz daha çox fərdi epizodlara, cinah ötürmələrinə və cərimə meydançası ətrafından zərbələrə keçirdi. Nəticədə 25 zərbənin yalnız 5-i qapı çərçivəsinə düşdü.
Bu rəqəm hücum sayının çox olduğunu göstərsə də, yaradılan epizodların keyfiyyətinin eyni səviyyədə olmadığını da ortaya qoyur.
İkinci əsas məsələ isə mərkəz hücumçusunun oyuna təsiridir.
Yığmamız hücumların böyük hissəsini qurmasına baxmayaraq, ön xətdə cərimə meydançasında davamlı təhlükə yaradan və rəqib müdafiəçilərini özünə çəkərək digər oyunçular üçün boşluq yaradan hücumçu profili kifayət qədər görünmədi.
SPORTİNFO.AZ
