Bizimkilər üçün uğur ssenarisi - Yalnız bu yolla mümkündür

11:55 Milli komanda 129
Bizimkilər üçün uğur ssenarisi - Yalnız bu yolla mümkündür

Millətlər Liqasının D qrupunda mübarizə aparan Azərbaycan seçməsi turnirə uğursuz başlayıb.

İlk iki qarşılaşmada Litva ilə səfərdə, Lixtenşteynlə Bakıda heç-heçə edən yığmamızın aktivində hazırda 2 xal var.

2 oyundan sonra Litva qrupda 4 xalla liderdir. Azərbaycan 2 xalla ikinci, Lixtenşteyn isə 1 xalla üçüncü pillədə qərarlaşıb.

Hazırda futbol ictimaiyyətini ən çox maraqlandıran sual Azərbaycan millisinin qrup qalibi olmaq üçün qarşıdakı oyunlarda hansı nəticələri qazanmasıdır?

Əslində, hər şey millinin öz əlindədir.

Qarşıdakı iki oyunda – oktyabrın 4-də Bakıda Litvanı, noyabrda səfərdə Lixtenşteyni məğlub etsə, xallarının sayını 8-ə çatdıracaq. Bu halda Azərbaycan qrupu lideri kimi başa vuracaq. Çünki Litva son turda Lixtenşteyni məğlub etsə belə, maksimum 7 xal toplaya biləcək.

Bəs Litva ilə Bakıda keçiriləcək qarşılaşmada heç-heçə qeydə alınsa?

Bu halda Azərbaycan 3, Litva isə 5 xal toplayacaq. Belə vəziyyətdə qrup qalibinin taleyi sonuncu tura qalacaq.

Azərbaycanın qrup lideri olması üçün son turda Lixtenşteyni məğlub etməsi, eyni zamanda Litvanın da xal itirməsi lazım olacaq. Lakin burada da incə məqam var.

Litvanın sonuncu turda Lixtenşteynlə heç-heçə etməsi Azərbaycanın liderliyi üçün kifayət etməyə bilər. Çünki bu nəticə Litvanın xalını 6-ya çatdıracaq, Azərbaycan isə Lixtenşteyni məğlub edəcəyi halda 6 xala yüksələcək.

Xallar, qələbə, heç-heçə və məğlubiyyət sayı bərabərləşəcək, vurulan və buraxılan topların fərqi ön plana çıxacaq. İndiki məqamda litvalılar bizimkilərdən üstün görünür. Və ya, millimiz Lixtenşteyni səfərdə azı 2 top fərqi ilə udmalıdır.

Deməli, Azərbaycan üçün ən rahat və etibarlı ssenari Litvanı Bakıda məğlub etmək, ardınca isə Lixtenşteyn səfərindən 3 xalla qayıtmaqdır.

Bu iki qələbə millimizin xalını 8-ə yüksəldəcək və qrup liderliyini təmin edəcək.

Bir sözlə, Azərbaycan seçməsinin taleyi öz əlindədir. Qarşıda 2 oyun, 6 mümkün xal və qrup liderliyi üçün real imkan var.

Yox, qarşıdakı görüşlərdə qələbələr qazanılmasa, futbol barədə danışmaq, futbol barədə düşünmək, ümumiyyətlə, futbolun adını çəkmək artıqdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 18:10 Çək və bizə göndər!