"Desəm ki, vecimə deyil, sakit baxıram, yox"

14 Mart 2023 02:50 Səbail 485
"Desəm ki, vecimə deyil, sakit baxıram, yox"

"Səbail" Azərbaycan Premyer Liqasını 26-cı turunda səfərdə "Qarabağ"a 0:3 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Şahin Diniyev bu haqda sualları cavablandırıb:

- Belə hesabdan sonra danışmaq çətindir. Azərbaycanın ən yaxşı komandası və sonuncu yerdəki komanda oynadı. Fərq göründü. Cinahların qarşısını almağa çalışdıq. Buna uyğun heyət qurmuşduq. Kreativ oyunçularımız bu gün yox idi. Bu, bizə problemlər yaradırdı. Birinci hissədə özünəinam olmadı. Futbolçuların qorxu, təzyiq altında oynaması məni narahat etdi. İkinci yarıda meydanda futbol oynamağa çalışdıq. 4 yüz faizli qol şansımız oldu. İstifadə etsəydik, başqa cür olacaqdı. Demirəm, udacaqdıq. Amma nəticə fərqli olardı. Sevindirici haldır ki, bu cür rəqiblə oyunda qol epizodları yaratdıq. Fakt odur ki, sonuncu pillədəyik. Ruhdan düşmürük, ikinci hissədəki oyunun davamı gələrsə, layiq olduğumuz yerdə olacağıq. Məncə, indi layiq olmadığımız yerdəyik. İnanıram ki, uğurlu nəticəyə imza atacağıq. "Qarabağ" layiqli nəticə qazandı.

- Sonuncu yerdə olmaq komandada əlavə psixoloji gərginlik yaradır?
- Bu, yüksək səviyyədədi. İntizam baxımından problemimiz yoxdur. Futbolçu uduzursa, motivasiya olmaq çətindir. Psixoloji söhbətlərimiz var. Pis günün ömrü çox az olacaq. Zədəlilərimiz qayıtdıqdan sonra hücumda daha yaxşı oynamağa çalışacağıq. Buraxılan qollar asandır. Bu, məni narahat edir. Təzyiqin altından çıxacağıq. Psixoloji dəstək bizə çox vacibdir.

- Qapıya zərbə görmürük...
- İlk yarıda Qomis zərbə vurdu, ikinci yarıda da zərbələr oldu. Rəqib nə qədər imkan verirsə, o qədər zərbə vurursan. Qapıya zərbə hücumun tamamlanması deməkdir. "Nefçti" ilə oyunda qapıya 19 zərbə vurduq. "Neftçi" 6 zərbə. Amma fakt odur ki, uduzduq. Qapıya zərbələrdən çox keyfiyyət lazımdır.

- Sonuncu pillədəsiz. Qarşıda millinin oyunları var. Hansı oyunçunuzu millidə görürsüz?
- Elə bilirdim ki, təkcə mən inanıram. Stimul verirsiz. İşin çətin gedirsə, demək düz yoldasan. Çətinlik varsa, dayanmayacağıq. Sırf suala gəldikdə, reallıqlar var. Sonuncu yerdəki komandadan oyunçu çağırmaq təəccüblü gələr. Məncə, Emil milliyə layiqdir. Əsas heyəti baş məşqçi təyin edir. Onun göstərdiyi performans milli üçün yetərlidir. Təcrübəlidir.

- Uğursuz nəticələr sizin özünüzü psixoloji olaraq yormayıbki? Stress yaşamırsız?
- Desəm ki, vecimə deyil, sakit baxıram, yox. Heç kimə heç bir şeyi göstərmək istəmirəm. Gəminin kapitanıyam. Kapitan da, gəminin uğurlu dönüş edəcəyindən əmin olmalıdı. İnanmırsa, gəmi heç bir yerə çata bilməz. Özümə də, komandama da inanıram. Çox əziyyət çəkirəm özlüyümdə. Amma istəmirəm komandanın, futbolçuların yanında hiss etdirim. Futbolçularla aramızda münasibət yaxşı formadadır. Gələcəkdə uğurlu nəticə üçün ümidliyəm.

Digər Xəbərlər
Xəbər Lenti