"Sabah" elə sərhəddə çatıb ki...

18 Sentyabr 22:20 Sabah 580
"Sabah" elə sərhəddə çatıb ki...

"Qarabağ"a məğlub olan (0:2) "Sabah" ardıcıl 4-cü matçı da meydanı qələbəsiz tərk etməli oldu.

Murad Musayevin gəlişindən sonra Masazır təmsilçisi ilk dəfə belə durumla üz-üzə qalıb.

Vəziyyətdən çıxmaq isə heç də asan görünmür.

Düzdü, heyətdə böyük dəyişiklər var.

Mikels, Kaşuk kimi simalar klubdan ayrılıb. Heyətə 9 yeni futbolçu cəlb olunub.

Yenilərdən düşərgəyə qatılan arasında eləsi var ki, heç klubla 5 məşqə çıxmayıb.

Bütün bunlar anlaşılandır. Amma "Tələbələr"in tək problemi bu deyil.

Ən böyük dərd odur ki, yenilər formasından çox uzaqdır. Məsələn, ağdamlılarla qarşılaşmada debüt edən Ayaz Quliyevin klası meydanda olduğu qısa zamanda aşkar sezilirdi. Lakin artıq çəkisi, ləngliyi də klasından geri qalmırdı.

Kahim Parrisin ansambıldan geri qalması, adaptasiya prosesində ilişməsi hər topa toxunuşunda sezilirdi.

İshak Belfodil ümumiyyətlə, heç "18-lik" üçün yararlı hesab olunmamışdı. Görünür, formasından çox uzaqdır.

Bunlar hələ ən yeni gələnlərdi.

Heç yaydan düşərgədə olan Vinsent Til, Jarl Marqarita belə gözləniləni vermirlər.

Bəli, adıçəkilənlər formaya düşsə, Murad Musayevin istədiyi ötənilki parlaq, dinamik, sürətli "Sabah"ı görə biləcəyik.

Axı zaman gedir. Bu gün üçün vəziyyət acınacaqlı deyil. "Sumqayıt"la təxirə salınan matçda qazanılacaq qələbə ikinci pillədə qərarlaşan "Qarabağ"la aradakı xal fərqini 3-ə endimiş olacaq. Ciddi fərq deyil.

Bəs qazanılmasa?

Əsl sual budur. Cavabın vermək isə çox çətindir.

Bu gün "Sabah" elə sərhəddə dayanıb ki, 1-2 qələbə hər şeyi geri qaytara bilər. Əks halda isə mövsümü xilas etmək çox çətin olacaq.

Çünki bu il "asan yem" gözü ilə baxılacaq rəqib yoxdur.

"Kəpəz"? Həmin Gəncə təmsilçisi "Qarabağ"a, "Neftçi"yə şok yaşada bilib.

Yəqin ki, rusiyalı mütəxəssis də bütün bunların fərqindədir. Nəticəsini yaxın həftələrdə izləyəcəyik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti