Ramin Quliyevə kiçik xatırlatma – “... qapını arxadan bağlayırsan”

20 Oktyabr 2021 21:00 Sabah 985
Ramin Quliyevə kiçik xatırlatma – “... qapını arxadan bağlayırsan”

Klub rəhbərliyi kollektivin rahatlığı, futbolçuların özünü xoş hiss etməsi, məşqçilər heyətinin çalışması üçün hər cür şərait yaratdığı halda, komanda uğursuzluğa düçar olursa, çıxış yolu nədir?

Təbii ki, baş məşqçinin istefa verməsi.

Dünyanın hər yerində belədir. İngiltərədə də, Fransada da, lap elə Mozambikdə də. Futbolun yazılmamış qanunu var: pul olan yerdə uğursuzluq varsa, günah baş məşqçidədir.

İndi biri mənə desin görüm, Azərbaycan Premyer Liqasının sonuncu pilləsində yer alan “Sabah”ın nəyi çatmır?

Bazası var? Var!

Maaşlar vaxtında verilir? Verilir!

Baş məşqçi Ramin Quliyevin razılığı ilə “Barselona”nın, nə bilim, “Borussiya”nın sabiq futbolçuları komandaya cəlb olunub? Olunub!

Komanda yayda toplanış keçib? Keçib!

Hə, çatışmayan nədir onda?

Birmənalı baş məşqçinin təcrübəsizliyi. Elitada baş məşqçi kimi debütünü məhz “Sabah”da edən Quliyevin yaşıl meydanda həmkarları ilə bacarmadığı göz qabağındadır. Bacarsaydı, komandası 7 oyundan 1 xalla ayrılmazdı.

“Qarabağ”la oyundan sonrakı mətbuat konfransında həmkarımın istefa ilə bağlı sualı “hoca”nın xoşuna gəlməmişdi. Açıqlama verdi və sözündən elə çıxdı ki, getmək istəyir, amma rəhbərlik imkan vermir.

Ay qardaş, ay başınadöndüyüm, necə yəni getmək istəyirəm, imkan vermirlər. Ağlında qəti surətdə getmək fikri olan 40 yaşlı kişinin qarşısını kim ala bilər?

Ərizəni yazıb, yanına da “sağlamlığımda ciddi problem var” bəhanəsini qoşub, qapını arxadan bağlayırsan. Burda çətin nə var axı?

Premyer Liqanın ilk dövrəsi başa çatıb və 4-cü sırada qərarlaşan komanda ilə “Sabah”ı 11 xal ayırır. Gərgin keçən çempionatın üçün kifayət qədər ciddi rəqəmdir, fərqdir.

“Sabah” xərclənən bu qədər pulların qarşılığında yayda avrokuboklardan kənarda qalanda, cavabını Ramin Quliyev verəcək. Amma onda cavab verməyə söz tapmayacaq.

Yenə də özləri bilər. Məndən xatırlatmaq idi.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti