"Göstərdik ki, "Qarabağ"a qarşı oynamaq olar" - MÜSAHİBƏ

9 Mart 2020 23:00 Qəbələ 883
"Göstərdik ki, "Qarabağ"a qarşı oynamaq olar" - MÜSAHİBƏ

Sportinfo.az “Qəbələ”nin xorvatiyalı müdafiəçisi İvitsa Zuniçin müsahibəsini təqdim edir:

- Premyer Liqanın XX turunda evdə “Sumqayıt”ı 5:0 hesabı ilə məğlub etdiniz. Görüşü necə şərh edərdiniz?
- Maraqlı və çətin oyun alındı, 5:0 hesabı ilə qalib gəldik. Yəqin ki, heç kim bu cür hesabın olacağını düşünmürdü. “Sumqayıt”ın yaxşı komanda olduğunu bilirdik. Oyuna və rəqibə ciddi yanaşırdıq və layiqli qələbə qazandıq.

- “Sumqayıt”ın qapısından 5 cavabsız top keçirməyiniz gözlənilməz oldu. Nəticə sizin üçün necə, sürpriz idimi?
- “Zirə” üzərində qələbə qazandıqdan sonra bu görüşdə də qalib gəlmək çox vacib idi. Bayaq da dediyim kimi, hamımız matça ciddi yanaşdıq və layiq olduğumuz qələbəni əldə etdik.

- Ardıcıl ikinci oyundur ki, qalib gəlirsiniz. Demək olarmı ki, "Qəbələ" özünə gəlib?
- Ardıcıl qələbələr bizim üçün çox yaxşıdır. Üstəlik, özünəinamı və əhval-ruhiyyəni də yüksəldir. “Zirə” və “Sumqayıt”a qarşı yaxşı oynadıq. Amma unutmaq olmaz ki, biz hələ də sonuncu pillədəyik. Qarşıdakı görüşlər haqda düşünmək və qələbələrlə turnir cədvəlində yüksəlmək lazımdır.

- Turnir cədvəlinin son pilləsindən qurtulmaq çətin olmayacaq?
- Son iki oyunda qalib gəlsək də, bunu artıq unutmaq lazımdır. Çünki hələ də sonuncu yerdəyik. Yalnız qarşıdakı matçlara fikir verməliyik.

- Yəqin ki, “Səbail”in evdə “Zirə”yə uduzmasına sevindiniz. Çünki belədə "Səbail"lə xal fərqini 1-ə endirdiniz...
- Digər komandaların nəticələrinə fikir vermək lazım deyil. Hər oyuna ciddi hazırlaşıb, xallar qazanmalıyıq. Bu çox önəmlidir.

- Növbəti turda “Qarabağ”ın qonağı olacaqsınız. Bakıdan xalla dönməyiniz nə dərəcədə realdır?
- “Qarabağ”ın güclü komanda olduğunu hamımız yaxşı bilirik. Ancaq evdəki matçda göstərdik ki, bu rəqibə qarşı oynamaq olar. Səfərdəki görüşdə də yaxşı çıxış edib, uğurlu nəticə üçün çalışacağıq.

- Müdafiəçi olsanız da, ölkə çempionatında artıq iki qol vurmusunuz. Qol vurmağa həvəslisiniz, yoxsa təsadüfən alınır?
- Qol vurmağım mənim üçün müsbət haldır. Hər futbolçu qol vurduqdan sonra özünü yaxşı hiss edir. Ancaq önəmli olan kimin qol vurması deyil, komandanın qalib gəlməsidir. “Sumqayıt”la görüşdə zədə aldığım üçün əvəzlənmişdim. Həkim müayinəsindən keçəndən sonra zədənin nə dərəcədə ciddi olduğunu biləcəyəm.

- Son vaxtların ən təhlükəli virusu olan koronavirus infeksiyası sizin üçün təhlükəlidirmi və özünüzü necə qoruyursunuz?
- Hələ ki, bilmirəm. Sadəcə, ehtiyatlı olmaq və qorunmaq lazımdır (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti