“Neftçi” İdman Klubu “Qaradağ Lökbatan” futbol klubunun ləğv olunması xəbəri ilə bağlı bəyanat yayıb.
Sportinfo.az xəbər verir ki, açıqlamada bu klubun “Neftçi” İK-ya aid olmadığı qeyd edilib:
“Bəzi media resurslarında və sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı ictimaiyyətin düzgün məlumatlandırılması məqsədilə bildiririk ki, “Qaradağ Lökbatan Peşəkar Futbol Klubu” MMC-nin ləğvi barədə 22 sentyabr 2026-cı il tarixində “vergilər.az” saytında dərc edilmiş elanın “Neftçi” İdman Klubunun tərkibində fəaliyyət göstərən “Qaradağ Lökbatan” futbol komandasına heç bir aidiyyatı yoxdur.
Sözügedən MMC klubumuzun təsisçisi, törəmə qurumu və ya struktur bölməsi deyil.
Ad oxşarlığı səbəbindən yaranan yanlış anlaşılmaları nəzərə alaraq xüsusi olaraq vurğulayırıq ki, “Neftçi” İdman Klubunun tərkibindəki “Qaradağ Lökbatan” futbol komandası fəaliyyətini adi rejimdə davam etdirir və komandanın ləğvi ilə bağlı hər hansı bir qərar qəbul edilməyib.
Media nümayəndələrindən və ictimaiyyətdən xəbərləri işıqlandırarkən bu hüquqi və faktiki fərqləri nəzərə almalarını xahiş edirik”.
