”QƏBƏLƏ" MÜƏMMASI: "Bu işdə nəsə var, aydınlıq gətirmək lazımdıR”

22 Fevral 2020 09:14 Qəbələ 1 080
”QƏBƏLƏ" MÜƏMMASI: "Bu işdə nəsə var, aydınlıq gətirmək lazımdıR”

Üçüncü ildi ki "Qəbələ" İdman Klubunun təşkilatçılığı ilə rayonun futbol kollektivləri arasında turnir təşkil olunur.

Budəfəki çempionata Qəbələ ilə yanaşı, İsmayıllını təmsil edən iki kollektiv də qatılmışdı. Onlardan biri “Babadağ” finala vəsiqə qazanmışdı ki, qonşu rayonun təmsilçisinin həlledici qarşılaşmada rəqibi “Qəbələ” ŞM idi.

“Qırmızı-qaralar”ın üstüörtülü meydançasında keçirilən final görüşünün əsas vaxtı 3:3 hesablı heç-heçə ilə başa çatdığından penalti vuruşlarına ehtiyac duyulub. Təxminən 150-yə yaxın azarkeşin izlədiyi oyunda ismayıllılar “lotoreya”da dəqiq olmaqla əsas mükafata sahib çıxıblar.

Turnirin təşkilatçısı olan “Qəbələ” İdman Klubunun ümumi işlər üzrə kordinatoru Səbuhi Qarayev “Qəbələ Futbol Liqası 3” ilə bağlı Sportinfo.az-a öz fikirlərini bölüşüb:

“Qəbələ Liqası” artıq 3-cü dəfədi ki, təşkil olunur. İlk mövsümdə turnirə 12, ikinci ildə 18, bu dəfə isə 24 komanda qatılmışdı. Özünüz də gördüz ki, yerli əhali tərəfindən yarışa çox böyük maraq var idi. 4 ay 4 gün çəkən turnirə bu gün nöqtə qoyuldu.

Bundan əvvəlki yarışa Oğuz təmsilçisi də qatılmışdı. Bu dəfə də ətraf rayonlardan turnirdə iştirak etçək istəyən komandalar var idi. Sadəcə, müəyyən səbəblərdən alınmadı. Ümid edirəm ki, 4-cü mövsümdə onların da belə imkanı olacaq.

Yarışa qatılan komandalar iştirak haqqı ödəyirlər ki, yığılan məbləğ sonda mükafatçılar arasında bölünür. 3-cü mövsümün qalibi olan “Babadağ”ı təbrik edir, digər iştirakçılara qarşıdakı turnirlərdə uğurlar arzulayıram”.

“Qəbələ” Futbol Akademiyasının rəhbəri Halim Fıçıcı turnirə azarkeş marağından razı qaldığını söyləyib: “Sosial layihə olaraq, çox gözəl bir işin ortaya qoyulduğunu gördük.

Buna görə turniri təşkil edənlərə təşəkkür etmək istəyirəm. Yəqin ki, qarşıdakı dönəmdə bu turnirin davamını görə biləcəyik. Yarışa azarkeş marağı da yüksək səviyyədə idi. İstər qonaq komandanın, istərsə də yerli kollektivin tərəfdarları dayanmadan onları dəstəklədilər.

Açığı, bu məqam mənə çox maraqlı gəldi. Premyer Liqa matçlarında “Qəbələ”yə dəstək verməkdə əziyyət çəkən qəbəlilər adi turnirə bu qədər maraq göstərir,

Siz də, mən də gördük ki, oyun vaxtı azarkeşlər dayanmadan təzərühat səsləndirdilər, oyunçuların adlarını bir-bir səsləndirib alqışladılar. Qəbələlilər futbolu bu qədər sevirlərsə, niyə çempionat oyunlarında onları görmürük? Bu işdə nəsə var ki, buna aydınlıq gətirmək lazımdı”

Digər Xəbərlər
Xəbər Lenti