"Qəbələ" Konfrans Liqasının qapısını qələbə ilə çırpdı

28 İyul 2022 21:52 Qəbələ 1 224
"Qəbələ" Konfrans Liqasının qapısını qələbə ilə çırpdı

"Qəbələ" və Macarıstan "Fehervar"ı arasında Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Avstriyalı referi Kristofer Yegerin idarə etdiyi oyun meydan sahiblərinin sürətli hücumları ilə başlayıb. Komandanın yeni transferi Felipe Santos qısa zaman kəsiyində iki əlverişli imkanı qaçırıb.

5-ci dəqiqədə "sambaçı"nın zərbəsi qapının yanından keçibsə, 15-ci dəqiqədə rəqib qapıçı Daniel Kovaç onun təkbətəkdən fərqlənməsinə imkan verməyib.

Rəqib isə ilk real qol imkanını 22-ci dəqiqədə yaradıb. "Qəbələ"nin kapitanı Asif Məmmədovdan topu "oğurlayan" Klaudiu Bumbanın zərbəsi qapıdan aralı keçib.

27-ci dəqiqədə isə meydan sahiblərinin futbolçusu Rafael Utziqin iti bucaq altından vuruşunda azacıq dəqiqlik çatışmayıb.

31-ci dəqiqədə isə "Fehervar" real şansı qaçırıb. Künc zərbəsindən sonra Nikola Serafimovun zərbəsi qapı tirinə tuş gəlib.

34-cü dəqiqədə isə "Qəbələ" hesabı açıb. Rövlan Muradov kombinasiyalı hücumdan sonra topu uzaq küncə göndərib - 1:0.

Bundan az sonra İsnik Aliminin Klaudiu Bumbaya qarşı kobud oynadığını bildirən referi penalti təyin edib. Lakin 41-ci dəqiqədə topa yaxınlaşan Loik Neqo zərbəni qapının üstündən vurub.

Əvəzində 44-cü dəqiqədə Bumbanın ötürməsindən sonra Budu Zivzivadze bərabərlik qoluna imza atıb - 1:1.

Beləliklə, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə çıxıblar.

İkinci hissənin əvvəllərində də "Qəbələ" fəal təsir bağışlayıb. 51-ci dəqiqədə meydan sahiblərinin hücumu zamanı Ruan Renatonun zərbəsi qapı dirəyinə tuş gəlib.

65-ci dəqiqədə isə "Fehervar"ın hücumu zamanı künc zərbəsindən sonra rəqib komandanın kapitanı Attila Fiolanın başla zərbəsində eyni hal baş verib.

Bundan 1 dəqiqə sonra meydan sahiblərinin hücumunu Rafael Utziqin baş zərbəsi ilə tamamlanıb. Lakin top qapıçının üstünə gedib.

70-ci dəqiqədə isə Muradovun cərimə zərbəsindən endirdiyi top qapı tirini hədəf alıb. Bundan 1 dəqiqə sonra onun yerinə yetirdiyi növbəti cərimə zərbəsindən sonra qapı qarşısında topa toxunan olmayıb.

73-cü dəqiqədə isə Felipe Santos əks-hücum zamanı rəqib müdafiəçiləri də keçərək, təkbətəkdən fərqlənməyi bacarıb - 2:1.

Qalan dəqiqələrdə "Qəbələ"nin fərqi artırmaq, "Fehervar"ın isə yenidən bərabərlik qolunu vurmaq üçün cəhdləri nəticə verməyib.

İlk matçda Macarıstan təmsilçisi 4:1 hesabı ilə qalib gəldiyi üçün iki oyunun yekununda 2:5 hesabı ilə uduzan Azərbaycan təmsilçisi mübarizəni dayandırıb.

Bununla belə, "qırmızı-qaralar" ölkə aktivinə 0,250 xal yazdırmağı bacarıb.

28 iyul

“Qəbələ” (Azərbaycan) – “Fehervar” (Macarıstan) 2:1

Qollar: R.Muradov, 34. F.Santos, 73 – B.Zivzivadze, 44.
Hakimlər: Kristofer Yager, Robert Ştaynaxer, Santino Şrayner, Markus Hameter (Avstriya).
Qəbələ şəhər stadionu
İlk oyun – 1:4

"Qəbələ": 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 4. Ruan Renato, 5. İsnik Alimi, 6. Feras Abu Akal, 7. Rövlan Muradov, 10. Omar Hani, 11. Asif Məmmədov, 23. Rafael Utziq, 27. Məqsəd İsayev, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana-Assimba, 36. Elməddin Sultanov, 12. Rüfət Əhmədov, 14. Ülvi İsgəndərov, 18. Mehrac Baxşəlı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov, 44. Salman Ələsgərov, 74. Süleyman Damadayev.
Baş məşqçi: Elmar Baxşıyev.
"Fehervar": 1. Daniel Kovaç, 5. Attila Fiola, 8. Yevgeni Makarenko, 9. Budu Zivzivadze, 11. Loik Neqo, 13. Artyom Şabanov, 22. Stopira, 23. Pal Dardai, 31. Nikola Serafimov, 55. Marsel Heyster, 94. Klaudio Bumba.
Ehtiyat oyunçular: 32. Emil Roçkov, 6. Peter Pokornı, 7. İvan Petriak, 19. Kenan Kodro, 21. Ruben Pinto, 26. Mixael Lüftner, 29. Solt Kojnok, 65. Silvester Hanqya, 70. Funşo Bamqboye.
Baş məşqçi: Mixael Boris.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı