Dünən Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu - 10-cu tur oyununa çıxıb.
Yığma B qrupunun görüşündə Cəbəllütariqlə üz-üzə gəlıb. Masazırda keçirilən qarşılaşma millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan 6 komandanın yer aldığı B qrupunda 10 turdan sonra 10 xalla 5-cidir.
Nəriman Axundzadənin matçdan sonra düşən görüntülərində “30-30”, daha sonra isə “100-100” kimi səslənən çağırışlar eşidilir. Hamıya aydındır ki, söhbət mükafatdan gedir.
Bunu necə qəbul etmək olar? Necə müdafiə etmək olar? Söhbət gənc, böyük ümidlər bəslənilən və istedadına görə gələcəyi olan bir futbolçudan gedir.
Amma insan öz istedadının qədrini bilmirsə, inkişaf etmək istəmirsə, heç kim onun arxasında sonsuza qədər dayana bilməz.
“Braqa” ilə oyunda 120+2-ci dəqiqədə vurduğu qola qədər bu hücumçunu Azərbaycan futbolundan kənarda çox az adam tanıyırdı. Həmin qol onu bir gecədə Azərbaycan futbolunun ən çox danışılan gənc istedadlarından birinə çevirdi.
Həmin vaxt Qurban Qurbanov da onun çox böyüdüyünü və hələ böyüyəcəyini demişdi.
Lakin növbəti mərhələdə karyera trayektoriyası gözlənilən istiqamətdə getmədi. “Qarabağ”da 2025/26 mövsümündə cəmi 13 Premyer Liqa oyununda 687 dəqiqə keçirib 3 qol vurdu.
Nəriman daha sonra 2,5 milyon avro qarşılığında “Kolumbus Kryu”ya keçdi və 2029-cu ilin iyununa qədər müqavilə imzaladı.
ABŞ-də isə gözləntiləri doğrultmaq alınmadı: MLS-də 7 oyunda cəmi 112–117 dəqiqə meydanda oldu, qol və assist etmədi.
“Kolumbus” azarkeşlərinin bir hissəsinin reaksiyası isə daha sərt idi: onun oyununu həqiqətən faydasız adlandırıb.
Başqa biri isə klubun onun üçün 2,5 milyon dollar ödəməsini “dəlilik” kimi qiymətləndirib; eyni müzakirədə başqa azarkeşlər onun kifayət qədər şans almadığını və potensialının olduğunu da qeyd ediblər.
Sonra Nəriman yeni səhifə açmaq ümidi ilə “Ərzurumspor”a icarəyə göndərildi. Transfer zamanı Türkiyə klubunun azarkeşləri ona böyük maraq göstərmiş, özü də sosial mediada çoxlu müsbət mesaj aldığını və azarkeşlərin onun transferini istədiyini demişdi.
Amma bu səhifə də hələlik istənilən kimi başlamayıb: Super Liqada cəmi 3 oyunda meydana çıxıb və təxminən 55–58 dəqiqə oynayıb, qol və assist edə bilməyib; sonrakı oyunlarda isə heyətdə olsa da meydana çıxmayıb.
Daha ciddi məqam isə odur ki, son günlər Azərbaycan mediasında “Ərzurumspor” rəhbərliyi və məşqçilər heyətinin onun çıxışından narazı olduğu, hətta icarənin vaxtından əvvəl dayandırılması variantının müzakirə edildiyi yazılıb.
Bununla belə, futbolçunun agenti Nərimanın az oynamasını intizam və ya peşəkarlıq problemi ilə deyil, komandaya gec qoşulması və mövsümlərarası hazırlıqda kollektivlə birlikdə olmaması ilə izah edib.
Yəni məsələ artıq təkcə bir futbolçunun pis forma göstərməsi deyil: Braqa ilə həmin möhtəşəm qoldan sonra hamının böyük gələcək gözlədiyi gənc istedad bu gün ardıcıl olaraq oyun praktikasını itirir.
Ən təhlükəlisi isə budur, futbolçunun qarşısında hələ çox uzun karyera yolu var, amma istedadın özü heç nəyi həll etmir.
İnkişaf etmək, öz üzərində işləmək, peşəkar davranmaq və verilən hər şansı dəyərləndirmək lazımdır. Əks halda, bir vaxtlar səni zirvəyə çıxaran həmin istedad tədricən özünün ən böyük itirdiyi şeyə çevrilə bilər.
Ən əsası isə budur: Nəriman Azərbaycan millisinin futbolçusudur. Onun hər addımı təkcə öz adı ilə deyil, Azərbaycan futbolu ilə də əlaqələndirilir. Belə vəziyyətdə matçdan sonra bu cür “premiya” çağırışları etmək heç də yaxşı görüntü deyil.
Bizim futbolçuların əsas problemlərindən biri də bəzən etdikləri hərəkətin sabah necə görünəcəyini düşünməmələridir. Futbolçu yalnız meydanda deyil, meydandan kənarda da özünü peşəkar aparmalıdır.
Çünki sən Azərbaycanı təmsil edirsənsə, ilk növbədə öz adını yox, arxandakı ölkənin adını düşünməlisən.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
