Nəriman Axundzadə 10 aydan sonra qol sevinci yaşadı.
Forvard gənclər millimizin heyətində Şotlandiya ilə səfər oyununda hesabı açan futbolçu oldu.
Nəriman Axundzadənin vurduğu qol mənə “Qarabağ”ın heyətində “Braqa”ya vurduğu qolu xatırlatdı.
Demirəm ki, qollar bir-birinə bənzəyirdi.
Sadəcə, hər iki qolun arxasında ustalıqla edilən toxunuş var idi.
Həm “Braqa” ilə oyunda, həm də Şotlandiya səfərində Nərimanın fərqləndiyi epizodda onun fərdi keyfiyyətlərini göstərən çox yaxşı bir toxunuş gördük.
Və bir daha əmin oldum ki, Axundzadə bütün tənqidlərə rəğmən heç də zəif futbolçu deyil.
Keyfiyyətli hücumçudur, bacarıqları olan gəncdir. İstedadı var.
Təəssüf ki, hələ də özünü tam aça, potensialını tam ortaya qoya bilmir.
Düzdü, bunda onun özünün də müəyyən səhvləri var.
Verdiyi qərarlar, yanaşması, bəlkə də hansısa seçimləri onun inkişafına təsir edib.
Amma bununla yanaşı, düşünürəm ki, Nəriman Axundzadənin uşaq futbolunda yaşadığı travma, aldığı yarımçıq futbol dərsləri də bu gün ona təsir göstərir.
Çünki 2016-cı ildə “Xəzər Lənkəran” dağılanda Nəriman Axundzadə həmin klubun akademiyasında oynayırdı.
Klub dağılandan sonra isə Nəriman üçün kifayət qədər çətin dövr başladı.
Onun futbolçu kimi inkişafını davam etdirə biləcəyi bir akademiya, bir sistem qalmamışdı.
Məcburən Bakıya, “Qarabağ”ın akademiyasına gəldi.
12-13 yaşında uşaq üçün bu, heç də asan məsələ deyil. Başqa şəhər, başqa klub, başqa mühit, başqa mentalitet...
Təbii ki, bütün bunların yeniyetmə futbolçuya təsir etməməsi mümkün deyil.
Əminəm ki, “Xəzər Lənkəran” dağılmasaydı, akademiya fəaliyyətini davam etdirsəydi və Nəriman Lənkəranın akademiyasında inkişaf edib, sonda “Xəzər Lənkəran”ın əsas komandasında formalaşsaydı, daha sonra daha böyük klublara, digər komandalara və milli komandaya qədər gəlib çıxsaydı, bu gün qarşımızda daha fərqli Nəriman Axundzadə görə bilərdik.
Bəlkə də daha hazır, daha özünəinamlı və potensialını daha çox ortaya qoyan bir Nəriman.
XANOĞLAN/ SPORTİNFO.AZ
