22 ildən sonra Premyer Liqaya qayıdan «Şəfa»nın cari borc yükünün miqdarı bəlli olub.
I Liqanın çempionu kimi elitaya dönən paytaxt borcu hazırda 350 min manatı keçir.
Bu, axır 2-3 ay ərzində üst-üstə yığılan məbləğdir. «Ağ-göylər»in kimə və niyə bu qədər verəcəyi var?
Aldığımız məlumata görə, problem klubun büdcəsinin hələ də tam formalaşdırılmaması ilə əlaqədardır.
Əsasən ölkə xaricində fəaliyyət göstərən sponsor gücü infrastruktur layihəsinə verib. Gənclər və İdman Nazirliyi ilə uzun sürən danışıqların nəticəsi olaran «Baku Arena» icarəyə götürülüb.
Tərəflər arasında 10 illik müqavilə imzalanıb. Anlaşma əldə olunan kimi futbol qurğusunda kompleks yenidənqurma işlərinə start verilib.
Uzun müddətdir istifadəsiz qalan stadion və bazanın təmiri isə külli miqdarda vəsait aparır.
Otel, qida, geyim və bəzi başqa sahələr - borc əsasən bu sektorlar üzrə əmələ gəlib.
Hətta komandanın bugünlərdə Qəbələdə keçdiyi 3 günlük təlim-məşq toplanışı da «nisyə dəftəri»nə yazılıb.
SPORTİNFO.AZ
