“Mançester Yunayted”in hücumçusu Benjamin Şeşko Avropanın iki top-klubunun maraq dairəsindədir.
Sportinfo.az “TuttoJuve”-yə istinadən xəbər verir ki, “Barselona” və “Yuventus” sloveniyalı forvardın 2027-ci ildə mümkün transferi ilə bağlı ilkin təmaslar qurub.
Turin təmsilçisi hazırda İspaniya klubunu qabaqlayır. Ancaq tərəflər arasında hələlik rəsmi təklif olmayıb.
Transferin qarşısındakı əsas maneə isə futbolçunun yüksək qiymətidir. “Mançester Yunayted” Şeşkonu 75 milyon avroya satmağa hazırdır.
“Qırmızı şeytanlar” onu 2025-ci ilin yayında 76,5 milyon avro ödəyərək “Leyptsiq”dən transfer edib.
Şeşko bu mövsüm bütün turnirlərdə 6 oyuna çıxıb və 2 qol vurub. O, Premyer Liqada keçirdiyi 4 matçın heç birində əsas heyətdə yer almayıb və ümumilikdə cəmi 76 dəqiqə meydanda olub.
23 yaşlı hücumçunun transferində maraqlı olan “Barselona” UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”ın qarşılaşacağı rəqiblərdən biridir.
