Azərbaycan millisi növbəti dəfə biabır oldu.
Ölkənin bir nömrəli futbol komandası yarımhəvəskarlardan qurulmuş Lixtenşteyni öz meydanında, doğma azarkeşlərinin qarşısında məğlub edə bilmədi – 0:0.
Matç başa çatandan sonra qonaq futbolçular 1 xalı dünya çempionatına vəsiqə qazanıbmış kimi bayram edir, baxışları və yerişləri ilə özlərini qəhrəman obrazında görürdülər.
Sportinfo.az-a açıqlama verən Fabio Luke-Notaro heç-heçənin onlar üçün qələbəyə bərabər olduğunu söylədi:
“Hamı bizi zəif yığma gözündə görür. Bakıda nəyə qadir olduğumuzu sübut etmək istəyirdik.
Fikrimcə, bacardıq. Lixtenşteyndə əhali sayı azdır. Və hamının gözü bizdədir.
Onları və doğmalarımızı sevindirmək üçün əlimizdən gələni etdik. Ona görə də bu qədər sevincliyik.
Bəli, keyfiyyət və ustalıq cəhətdən rəqib bizi üstələyirdi. Bizim üçün önəmli olan qol buraxmamaq, buranı ən pis halda 1 xalla tərk etmək idi.
Azərbaycan millisi ilə daha bir görüşümüz olacaq. Sona qədər mübarizə aparacağıq”.
Maraq üçün bildirək ki, Azərbaycan millisi qrupda sonuncu görüşünü noyabrın 13-də səfərdə Lixtenşteynə qarşı keçirəcək.
HƏBİB
