Premyer Liqanın debütantı “Şəfa” daha bir futbolçu ilə müqavilə bağlayıb. Maraqlıdır ki, bu dəfə də söhbət qapıçıdan gedir.
Kkubun yeni transferi son illər “Zirə”dəki çıxışı ilə tanıdığımız Tyaqo Silvadır. Portuqaliyalı qapıçının transferi müəyyən mənada təəccüb doğurur.
“Şəfa”nın heyətinə nəzər salanda onsuz da üç yerli qapıçının olduğunu görürük. Əlirza Müştəbazadə hələ ötən ildən komandanın düşərgəsində idisə, yayda Məmməd Hüseynov və Nicat Mehbalıyevlə müqavilə imzalandı.
Tyaqonun gəlişi ilə komandadakı qapıçıların sayı dördə çatıb.
Bir klubda eyni vaxtda aşağı-yuxarı eyni səviyyəli dörd qapıçının olması və onların əsas heyət uğrunda mübarizə aparması nadir rast gəlinən mənzərədir. Etiraf edək ki, portuqaliyalı qapıçının əsas heyətdə yer alacağına ciddi şübhə yeri yoxdur.
Silva “Zirə”də çıxış etdiyi dönəmdə də əsas heyətdə oynamaq istəyən qapıçı kimi tanınırdı. Hətta iki mövsüm əvvəl Aydın Bayramovun ehtiyatında qalması səbəbindən komandadan ayrılmaq istədiyini baş məşqçi Rəşad Sadıqova açıq şəkildə bəyan etmişdi.
İndi isə maraqlı sual ortaya yaranır. Tyaqonun gəlişindən sonra digər üç qapıçının aqibəti necə olacaq?
Məmməd Hüseynovun ehtiyatda oturmaqla barışacağını düşünmək mümkündür. Onsuz da “Kəpəz”də eyni aqibəti yaşayıb və indiki məqamda onun üçün önəmli olan Bakıda yaşamaq, paytaxt təmsilçilərinin birində yer almaqdır
Amma Nicat Mehbaliyevlə bağlı bu cür düşünmək çətindir. O, “Şəfa”ya mütəmadi oynamaq üçün gəlmişdi. Əks halda “Sabah”da qalmaq variantını nəzərdən keçirə bilərdi. Əlirza Mustafazadənin də daim oyun təcrübəsi qazanmaq istəyəcəyi şübhəsizdir.
Belə vəziyyətdə iki variant ortaya çıxır - ya yerli qapıçılar ehtiyatda qalaraq pul qazanmaq bahasına mövcud durumla barışacaq, ya da əsas heyətdə oynamaq üçün komandadan ayrılmaq barədə düşünəcəklər.
Dörd qapıçının növbəli şəkildə oynayacağı realdır? Açığı, bu da kifayət qədər çətin görünür.
Hazırkı mənzərəyə baxanda “Şəfa”nın düşərgəsi az qala qapıçılar üçün xüsusi akademiyanı xatırladır.
Təbii ki, mövsüm uzandıqca bu sualların cavabı da bəlli olacaq. Əsas sual budur - Tyaqo Silva əsas qapıçı olacaqsa, digər üç qapıçı nə qədər gözləyəcək?
HƏBİB / SPORTİNFO.AZ
