“Yüksək maaş istəmələri normaldır, onları yaxşı başa düşürəm“

17 May 2022 21:00 Qəbələ 1 086
“Yüksək maaş istəmələri normaldır, onları yaxşı başa düşürəm“

“Əlbəttə, onlarla danışıram, soruşuram. Açıq deyim ki, hamısı qalmaq istəyir”.

“Qəbələ”nin kapitanı Asif Məmmədov şərəfini qoruduğu komandada top qovan legionerlərin bölgə təmsilçisindəki gələcək taleyi ilə bağlı Sportinfo.az-a danışıb.

“Qırmızı-qaralar” Konfrans Liqasına vəsiqəni təmin etsə də, indi klub rəhbərliyinin qarşısında əsas məqsəd dayanır – indiki heyəti qoruyub-saxlamaq.

Bu isə heç də asan görünmür. Çünki Ruan Renato xaric, “Qəbələ”dəki bütün legionerlərin müqavilə müddəti bu ayın sonuna qədərdir.

Yeni sözləşmə əldə etmək üçün gəlmələrə ötənilkinə nisbətən sərfəli şərtlər irəli sürmək vacibdir.

Asif komanda yoldaşlarının nisbətən sərfəli şərtlər qarşılığında “Qəbələ”də qalacağını istisna etməyib:

“Onları da başa düşməliyik. Mövsümboyu əziyyət çəkiblər, evlərindən uzaq düşüblər. Belədə nisbətən yüksək maaş istəmələri normaldır.

Futbolçuyam, onları yaxşı başa düşürəm. Bu məsələ ilə klub rəhbərliyi məşğul olur və olacaq.

Əsas odur ki, “Qəbələ”də özlərini xoşbəxt hiss edir, komandada qalmaq istəyirlər. Oturuşmuş heyətimiz var, bu komandanı bir az da gücləndirib yaxşı nəticələr əldə etmək olar”.

Hazırda “Qəbələ”də 9 əcnəbi – Kristof Atanqana, Fernan Lopez, Omar Hani, İsnik Alimi, Stefan Vukçeviç, Yaovi Akakpo, Patrik Robson, Rafael Utziq və Ruan Renato yer alıb. Yalnız sonuncu ilə yeni anlaşma əldə olunub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti