“Beşiktaş” və “Fənərbaxça”nın “Qarabağ”ın legioneri Leandro Andradenin xidmətində maraqlı olduqları bildirilir.
Bu iddia ilə Portuqaliyanın “A Bola” nəşri çıxış edib.
Bununla əlaqədar hər iki Türkiyə təmsilçisinin Ağdam klubuna müraciət etdiyi qeyd olunub. Lakin bu təklifin qəbul edilmədiyi vurğulanıb.
Bildirilib ki, “Qarabağ” futbolçusu üçün onun müqaviləsində göstərildiyi kimi 4 milyon avro təzminat tələb eləyib.
Həmçinin iddia olunur ki, Rusiyanın 3 klubunun nümayəndəsi də Kabo-verdeli yarımmüdafiəçinin agenti ilə əlaqə quraraq mümkün transfer şərtlərini öyrəniblər.
Daha əvvəl adı «Qalatasaray»la yanaşı hallanan 24 yaşlı Andrade bu ilin fevralında “Qarabağ”la müqaviləsini 2027-ci ilin iyununa kimi uzadıb.
Bəs bu tip xəbərlər niyə çıxır? Təbii ki, havadan, sudan deyil. Andrade yeni mövsümdə əsas heyətdəki yerini itirəcəyindən narahatdır.
2023-cü ilin yanvarında «Qarabağ»dan «Krasnodar»a transfer olunan Kadi Borgesin geri dönəcəyi yönündə yayılan xəbərlər onun qulağına çatıb.
Kabo-Verde yığmasının üzvü düşünür ki, braziliyalı qayıtsa, o, az-az hallarda meydana ayaq basacaq. Andrade bu təlaşını menecerləri ilə bölüşüb.
Son informasiya da “A Bola”ya həmin agentlər vasitəsilə ötürülüb. Müştərilərini gündəmə gətirmək, «Qarabağ»da daha çox diqqət görməsi məqsədilə.
SPORTİNFO.AZ

