“Qarabağ” rəsmisi etiraz etdi: “Günümüzü qaraltmayın”

11 Mart 2020 21:40 Qarabağ 1 395
“Qarabağ” rəsmisi etiraz etdi: “Günümüzü qaraltmayın”

“Çempionatda intizarla gözlədikləri, “didişərək” zövq aldıqları, turnir cədvəlindəki yerindən asılı olmayaraq, udanda “göyün 7-ci qatına” çıxan, uduzanda “yerin altına” girən “Neftçi” və “Qarabağ” azarkeşləri bu iki komanda arasında keçiriləcək oyunun həyəcanından məhrum olublar - ediliblər”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Azərbaycan Premyer Liqasının XXI və XXII turunun oyunlarının azarkeşsiz keçirilməsi ilə bağlı Peşəkar Futbol Liqasının (PFL) qərarına münasibət bildirərkən yazıb.

XXII tur çərçivəsində martın 22-də baş tutacaq “Neftçi” – “Qarabağ” qarşılaşmasının boş tribunalar önündə keçirilməsinin əleyhinə olan klub rəsmisi bununla bağlı feysbuk səhifəsində fikrini bildirib.

İbrahimov PFL prezidenti Ramin Musayevin koronavirus epidemiyasının yayılması təhlükəsini nəzərə alaraq, çempionatın qarşıdakı iki turunun azarkeşsiz keçirilməsi qərarı ilə razılaşmır.

O, “Neftçi” – “Qarabağ” matçına böyük marağın olmasını əsas gətirərək, oyunların təxirə salınmasını təklif edib: “Kütləvilik problemdir? Olsun.

Oyunları aprelə, maya kimi təxirə salın. Həm liqada rəqabət olar, gərginlik artar, həm də əlavə rəng gələr. Aşağı yaş qrupları üzrə çempionatları keçirənlər məsələyə daha həssas davrandılar. Ora da azarkeş gəlmir, amma oyunlar sadəcə təxirə salındı.

Həm də məktəb amili, həmçinin kəmiyyəti nəzərə alsaq, aşağı yaş qruplarını təxirə salmaq daha məsuliyyətli və ağırdır. Amma adamlar məsuliyyətdən çəkinmədilər. Yoxsa Premyer Liqada vur-tut 4 cüt qarşılaşmaya vaxt tapmaq olmur?”.

“Qarabağ”ın mətbuat katibi qeyd edib ki, “Neftçi” – “Qarabağ” görüşü hazırda futbolumuzun güzgüsüdür: “Adətən, yas düşəndə xalq arasında güzgünün üstünü 40 gün örtürlər. Açın o örtüyü, gün(zg)ümüzü qaraltmayın...”

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!