İdman klubu yalnız nəticələrlə deyil, yaratdığı təcrübə ilə böyüyür

08:50 Voleybol 97
İdman klubu yalnız nəticələrlə deyil, yaratdığı təcrübə ilə böyüyür

Kuboklar bir mövsümün uğurundan xəbər verir. Mədəniyyət və təcrübə isə klubun gələcəyini formalaşdırır.

Peşəkar idmanda uğur çox vaxt nəticələr, kuboklar və çempionluqlarla ölçülür.

Şübhəsiz ki, hər bir idman klubunun əsas hədəflərindən biri yüksək idman nəticələri əldə etməkdir. Lakin illər ərzində qazandığımız təcrübə göstərir ki, dayanıqlı klub mədəniyyəti formalaşdırmaq üçün yalnız qələbə qazanmaq kifayət deyil.

Əslində, idman klubu çoxşaxəli bir təcrübə ekosistemidir.

İdmançılar, məşqçilər heyəti, əməkdaşlar, azarkeşlər, sponsorlar, federasiyalar, media nümayəndələri və tərəfdaşlar bu ekosistemin ayrı-ayrı, lakin bir-biri ilə sıx bağlı hissələridir. Klubun nüfuzu isə bütün bu tərəflərin klubla münasibətlərindən və əldə etdikləri təcrübədən formalaşır.

Məhz buna görə idman idarəçiliyində “təcrübə” anlayışına yalnız azarkeş məmnuniyyəti prizmasından yanaşmaq doğru deyil.

Bir idmançının kluba gəldiyi ilk gündən necə qarşılanması, ona yaradılan iş şəraiti, sağlamlıq və performans xidmətlərinin səviyyəsi, göstərilən etimad və peşəkar kommunikasiya — bütün bunlar onun klub daxilində qazandığı təcrübənin tərkib hissəsidir.

Eyni yanaşma sponsorlarla münasibətlərə də aiddir. Məncə, sponsorun klubla əməkdaşlığı yalnız reklam sahəsinin əldə olunması ilə məhdudlaşmamalıdır. Sponsor özünü klubun vizyonunun, inkişafının və uğur yolunun bir hissəsi kimi hiss etməlidir.

Azarkeşlər baxımından da idman təcrübəsi artıq sadəcə futbol matçının 90 dəqiqəsindən və ya voleybol qarşılaşmasının bir neçə setindən ibarət deyil. Rəqəmsal kommunikasiyadan sosial mediaya, arenadakı atmosferdən tədbirlərin təşkilati səviyyəsinə qədər azarkeşin klubla təmas etdiyi hər bir nöqtə onun klub haqqında təsəvvürünü və bütövlükdə klub brendini formalaşdırır.

Peşəkarlıq xüsusilə hər şey plan üzrə getmədikdə özünü göstərir.

İdmanın təbiətində qələbə qədər məğlubiyyət, uğur qədər zədə və zaman-zaman böhranlı vəziyyətlər də var. Güclü klub mədəniyyətini fərqləndirən əsas məqamlardan biri məhz belə dövrlərdə idmançılara, əməkdaşlara və digər tərəfdaşlara münasibətdə ardıcıllığın və etimadın qorunmasıdır.

Bu səbəbdən idarəetmə yanaşmamızda etimad, şəffaflıq və uzunmüddətli münasibətlər xüsusi yer tutur. İnsanların özlərini yalnız uğurlu günlərdə deyil, çətin dövrlərdə də təşkilatın bir hissəsi kimi hiss etməli olduqlarına inanırıq.

Müasir idman dünyasında klublar eyni zamanda beynəlxalq brendlərə çevrilib. Müxtəlif ölkələrdən olan idmançıların, məşqçilərin və peşəkarların eyni struktur daxilində çalışdığı bir mühitdə mədəniyyətlərarası kommunikasiya və korporativ standartlar daha böyük əhəmiyyət qazanır.

Belə bir şəraitdə rəhbərlərin vəzifəsi yalnız yaxşı idmançıları və güclü məşqçilər heyətini bir araya gətirməkdən ibarət deyil. Əsas məsələ bütün bu insanların potensialını maksimum səviyyədə göstərə biləcəyi düzgün və peşəkar mühit yaratmaqdır.

Çünki idmançılar özlərini təhlükəsiz, dəyərli və peşəkar bir sistemin ayrılmaz hissəsi kimi hiss etdikdə, bunun nəticəsi meydanda da özünü göstərir.
İnanıram ki, gələcəkdə idman klubları arasında əsas rəqabət sahələrindən biri məhz “təcrübənin idarə edilməsi” olacaq.

Transferlər dəyişə, heyətlər yenilənə, məşqçilər və texniki komandalar əvəz oluna bilər. Lakin güclü təşkilati mədəniyyət və insanların yaddaşında buraxdığınız müsbət təəssürat uzunmüddətli dəyərə çevrilir.

Bu baxımdan bizim üçün uğur yalnız mövsümün sonunda qaldırılan kubok demək deyil.

Əsl uğur idmançıların yenidən çalışmaq istədiyi, əməkdaşların bir hissəsi olmaqdan qürur duyduğu, sponsorların uzunmüddətli tərəfdaşlıq qurmağa can atdığı və azarkeşlərin özlərini həqiqətən həmin klubun bir parçası kimi hiss etdiyi bir təşkilat yarada bilməkdir.

Kuboklar bir mövsümün uğurundan xəbər verir.

Mədəniyyət və təcrübə isə klubun gələcəyini formalaşdırır.

Müəllif haqqında
Şeref Yalçın
DH Volley klubunun prezidenti

Şeref Yalçın Bakının qadın voleybol klubu DH Volley-in prezidentidir. O, 2003–2013-cü illərdə Beşiktaş JK İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib. Bu müddətdə klubun basketbol bölməsinə 2003–2008 və 2010–2012-ci illərdə, futbol bölməsinə isə 2008–2010-cu illərdə cavabdeh olub.

2014–2023-cü illərdə Türkiyə Futbol Federasiyasının Riva/İstanbul üzrə baş koordinatoru vəzifəsində çalışıb. Hazırda Türkiyə Futbol Federasiyası Fondunun Himayəçilər Şurasının üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 18:10 Çək və bizə göndər!
5 Oktyabr 09:20 "Sakit qalmaq lazımdır"