COP29

“Qarabağ” “Neftçi”ni niyə hər dəfə “döyür”?

5 May 22:30 Qarabağ 2 408
“Qarabağ” “Neftçi”ni niyə hər dəfə “döyür”?

Yeniyetmə idim, 8-ci, ya da 9-cu sinifdə oxuyurdum.

Bir dəfə “pekarnı”nın arxasında sinif yoldaşım Novruzla söhbətim çəp gəlmişdi.

Yaxın dostum olan Səmayə müəllimənin oğlu kəll vurmaq bacarığıma bələd olduğundan, özü zərbə almamaq üçün sifətimə kəllə atıb məni qabaqlamışdı. Nə yalan deyim, diz çökdürmüşdü.

Zərbənin təsiri isti-isti bilinmir axı. Ertəsi gün anam sağ gözümün altındakı “göy”ü görüb soruşanda, kütlə davasında səhvən üzümə zərbə dəydiyini demişdim, anam da inanmışdı.

Bu variant rəhmətlik atama keçməzdi. Onu da eyni üsulla aldatmaq istəmişdim, açığı, alınmamışdı. Bir-iki çək-çevirdən sonra söhbəti olduğu kimi anlatmışdım.

Dedi, Novruz gərək kəlləni elə vurardı ki, burnun da qırılardı. Birinci Qarabağ döyüşlərində erməni əsirliyində olmuş, ayaq barmaqlarını itirmiş atam məğlubiyyətimi həzm edə bilmədiyini bu formada göstərmişdi. Hansı ata oğlunun məğlubiyyətini həzm edərki?

İndi “Qarabağ” “Neftçi”ni harda tutdu təpikləyir, kəllələyir, sürüyür. Əcəb edir. Əlinin içindən gəlir!

“Qarabağ”, hətta bütün klublar üçün “Neftçi” etalondur. Bu komanda SSRİ dönəmində Azərbaycan adına bürünc qazandırıb, tarixən bütün adlı-sanlı futbolçular ağ-qara formanı geyinmək üçün alışıb-yanıb, ilk dəfə avrokuboklarda qrup mərhələsinə yüksəlib, bu gün “Qarabağ”ın məşqçilər heyətində yer alan Qurban Qurbanov, Zaur Tağızadə, Elçin Rəhmanov, Elxan Həsənov məhz “Neftçi”də tanınıb, sevilib, seçilib.

“Neftçi”nin rəzil durumda olması sənə və mənə necə xoş deyilsə, Qurbanı, Zauru, Elxanı lap pis incidir. Onlar ölkənin ən yaşlı komandasının düşdüyü vəziyyətlə barışa bilmir, əvvəlki əzəmətini qaytarmasını istəyir ki, çempionatda “Qarabağ”a rəqib olsun, Azərbaycanı Avropada əl-ələ verib göylərə qaldırsın.

Ona görə də “Qarabağ”ın “Sabah”la “Sumqayıt”a uduzub, “Qəbələ” ilə heç-heçə oynaması onlar üçün adi haldır. “Neftçi”yə uduzmaq olmaz. “Neftçi”ni hər fürsətdə “döymək” lazımdır ki. ya komandanın içindəkilər, ya da klubun başındakılar ayılsın.

Başqa səbəb axtarmağa gərək yoxdur. Onsuz da Qurban Qurbanov min bir zəhmət bahasına dillərdə əzbər etdiyi “Qarabağ”ı qoyub “Neftçi”yə gedən deyil. Lap qabağına milyonlar qoysalar da.

“Qarabağ” başqalarına uduzduğu halda, “Neftçi”ylə oyunlarda niyə şirə dönməsinin səbəbini yəqin ki, yazını sona qədər oxuyanda anlayacaqsınız.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!