“Qarabağ” bu addımına görə niyə tənqid olunsun ki?

26 Sentyabr 2022 16:00 Qarabağ 1 357
“Qarabağ” bu addımına görə niyə tənqid olunsun ki?

Azərbaycan jurnalistlərinin 8-ci qurultayında şair, publisist, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin sədri seçildi.

Rəşad bəy əslən ağdamlı olub “Qarabağ”ı dəstəklədiyindən, “Qarabağ” da onu diqqətdən kənarda qoymadı.

Klubun sosial media səhifələrində təcrübəli həmkarımızı sədr seçilməsi münasibəti ilə təbrik edilib, fəaliyyətində uğurlar arzulanıb.

Lakin həmin paylaşım izləyicilər tərəfindən heç də isti qarşılanmayıb. Əksəriyyət “Qarabağ”ı bu addımına görə tənqid edib:

“Səhifə elə bil fan-klub səhifəsidir”.

“Sizə yaraşmayan təbrik”.

“Bundan sizə nə? Ucuzlaşdırmayın komandanı”.

Bu və bundan da betər şərhləri görəndə təəccüblənməmək olmur.

Rəşad Məcid hər nə qədər idmandan yazmağa meyllli olmasa da, adam hər zaman “Qarabağ” sevgisini göstərib və göstərməkdədir.

Klubun az qala bütün tədbirlərində “köhlən atlar”ın yanında olan Rəşad bəy camiədə çalışan hər kəslə isti münasibətə sahibdir. İstər Emrah Çelikel olsun, istərsə də Qurban Qurbanov.

Və ən əsası, bu, “Qarabağ”ın ilk belə təbrik paylaşımı deyil. Buna qədər Aqil Abbas, Bəhram Bağırzadə və indiki anda adını xatırlamadığım digər məşhur şəxslər də ağdamlılardan təbrik alıb.

Bəlkə də gənc nəsil Rəşad Məcid imzasına yaxından bələd deyil. Onun Azərbaycan jurnalistikasına verdiyi töhfədən, yetişdirdiyi qələm sahiblərinin kimliyindən xəbərsizdir. Bəlkə də qatı “Qarabağ” azarkeşi olduğunu, komandanın nəticələrini yaxından izlədiyini də bilmir.

Fakt faktlığında qalır, Rəşad Məcid hər kəsdən təbriki haqq edən böyük adam, tanınmış ustaddır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti